Nənəmin ölümünə soyuqqanlı davranacağımı bilirdim. Jurnalist insan itkisinə münasibətdə həkimə çevirilməkdədir. Həm də uzun illərdi nənəm bizi öz ölümünə hazırlayırdı. Əlinə fürsət düşdükcə vəsiyyətini eləyirdi. Onu kimin yuyacağını tapşırır, cənazəyə ancaq nəvələrinin çiyin verməsini istəyirdi.
Baş daşının pulunu harda gizlətdiyini hamımıza ayrı-ayrılıqda xısınlamışdı. Son illər hər bayramdan qabaq “bu çərşənbəyə çıxmaram”-deməklə bizə Novruzu onun ölümünü gözləyə-gözləyə keçirtməyi öyrətmişdi. Artıq ilaxır Çərşənbədən qabaq “nənəmin ölümü” bizim üçün deyib-gülmək, lağ mövzusuna çevirilirdi. Hamı gözləyirdi ki, nənə indi bu çərşənbənin də onun üçün sonuncu olduğunu deyəcək...
Və bu çərşənbədən qabaq nənəm heç nə demədən öldü. Mən ağlaya bilmədim. Nənəm öz ölümünü mənim gözümdə adiləşdirmişdi...
Məni Elbrus Ərud kimi tanıyanların az qala hamısı nənəmi də tanıyır. Lap tələbəlik illərindən nənəmə şer yazdığımı, hekayələr həsr etdiyimi, kitabımı ona ithaf etdiyimi bilirlər. Nənəmin nağılları, xatirələri, mənim üçün örnəkləri bütün bəşəriyyətin kəşflərindən maraqlıdır. O qədər dərindir ki, gərək onların hər birini ayrı-ayrılıqda yazmaq, izah etmək üçün oxucular mənim bütün yaradıcılığımı izləyə. Mən sadəcə bunu deyə bilərəm. Əsl jurnalistin mütləq nənəsi olmalıdır.
Yadıma gəlir ki, mənim ilk kitabım çıxanda onun təqdimatını nənəm şəxsən keçirtmişdi. Kitabımı belinə doladığı adyala taxıb bütün kəndi dolanmış, kimdən acığı gəlirmiş, kim nə zamansa onun yanında övladları ilə öyünmşdüsə aparıb hekayələrimi o adamlara oxumuşdu.
Sözlərim və xatirələrim o qədər çoxdur ki, heç nəyi param-parça yazmaq istəmirəm. Bircə yuxarıda işlətdiyim “əsl jurnalistin nənəsi olmalıdır” sözümə aydınlıq gətirmək istəyirəm. Və bunu ilk dəfə açıqlayıram. Məni jurnalist eləyən hadisə nənəmdən hələ uşaqkən eşitdiyim və bu günün özünə kimi unutmadığım bir kəlmədir. Biz uşaq olanda nənəmlə babamın tez-tez dalaşdığını, nənəmin onu söydüyünü, küsüb xalamgilə getdiyini və aylarla orda qaldığını görürdüm. Bir dəfə babam elə hirsləndi ki, nənəmin üstünə bıçaq da çəkdi. Yeri gəlmişkən, 1944-45 ci illərdə babam nənəmi götürüb qaçanda ona dörd bıçaq vurub. O vaxt nənəm qolundakı bu bıçaq yerlərini itirmək üçün həmin izin üstündən babamın adını döydürüb...
Arvadla-kişi az qala üstündən 50 il keçəndən sonra yenə bıçaqlaşacaqdılar. Tez onları aralaşdırdıq. Sonra nəvələr yığışıb zarafatla “Ay nənə, bəlkə kişinin yanında yatmırsan, ona görə üstünə bıçaq çəkir”-deyib gülüşdük. Bu sözdən sonra nəməm sakitcə qayıtdı ki, dayınız ölən gündən babanla mən ər-arvad deyilik... O vaxt nənəmin bu sözü bəlkə də məni yazıçı eləmək üçün deyilmişdi...
Türkmənistanda müstəntiq olan dayım 1977-ci ildə rak xəstəliyindən, 26 yaşında dünyasını dəyişəndən sonra babamla nənəm ər-arvadlıq eləməyi özlərinə sığışdırmamışdılar. Bunlar məmin üçün böyük söhbətlərdir və tale mənə nəsib etsə, ayrıca povest yazmaq niyyətindəyəm.
Nənəm ölməzdən bir on gün qabaq kəndə getmişdim. Onu gördüm, halı özündə deyildi. Qucağımda gətirib maşının qabağında oturtdum. Qız-gəlin dedi ki, narahat olma, bunun xasiyyəti belədir, adam görəndəözünü halsızlığa vurur, illah da sən olasan. Onu götürüb Bakıya, öz evimə gətirdim. Maşında yatmışdı, dinib danışmırdı. Kənddən çıxanda astadan dedi ki, saxla qoy Minəşlə (kənddə sağ qalan yeganə bacısı) görüşüm. Bu sözü düz Minəşgilin evlərinin yanından keçəndə dedi. Anamla bir-birimizn üzünə baxıb gülməkdən uğunduq. Yəni arvad biclik edir...

Bir də Salyan yolunda soruşdu ki, bura Şorsuludur? Hardasa on gün mənimlə qaldı, özünə gəldi, söhbət elədi, demək olar ki, bütün günü “Allah mən çox xoşbəxtəm”, “Lailahə illəllah” kəlmələrini təkrar-təkrar dedi. Artıq bir söz danışmırdı və bizi öyrətdiyi kimi bayramdan bir ay qabaq dünyasını dəyişdi, gözlərini mən yumdum...
Nənəmi gətirdiyim kimi də qaytarıb kəndə apardım. Məndən başqa bütün nəvələri, qızları, gəlinləri qonşuları ağlayırdı, bircə mən düşünürdüm, mən jurnalist idim axı...
Ta o vaxta kimi soyuqqanlığımı qorudum ki, gedib nənəni dəfn etdik. Hətta nənəmin üstünü torpaqlayanda götürüb facebooka belə bir “Nənəmi dəfn etdik, kəndimizin bərəkəti biraz da azaldı” satusunu yazdım.
Qayıdıbevə gəldik. Statusumu oxuyan dostların zəngləri gəlməyə başladı. Elə ilk zəngə cavab verəndə səsim titrəməyə başladı. Cəmi bir-iki həftə əvvəl mənə “Səni həyatımdan sildim” mesajını yazan bir dostum zəng edib “başın sağ olsun”-dedi. Ondan “Nənən sağdırmı”-soruşdum, “Sağdır”-dedi. “Qiymətini bil”-deyib telefonu söndürdüm. Nədənsə ilk zənglər küsülü dostlarımdan gəldi...
Az sonra “Nənən yaxşı insan idi, Allah rəhmət eləsin...” mesajını aldım. Bu illər öncə tanış olanda götürüb kəndə nənəmin yanına apardığım qız arkadaşım idi. Nənəmin o vaxt bu qızdan xoşu gəlmişdi... Daha bir mesaj Əflatun Amaşovdan aldım: “Nənə atadan da, anadan da, dostdan da, hətta həmkardan da önəmlidir. Çünki, o, xatirələrlə dolu böyük bir epoxanın sonunu təsdiqidir. Başınız sağ olsun...” Amaşovun mesajını bir-iki dəfə o tərəf, bu tərəfə çevirib təkrar oxudum. Adam bunu bilirsə, niyə yaxşı köşə yazmır deyə düşündüm...

Dəfndən qayıdıb evə gələndə arvadlar evin içində, kişilər həyətdə toplaşmışdı. Mənim fikrim evin içində, anamın yanındaydı. İçəridəki arvadlar ucadan ağlayırdı. Qulaq verdim. Anamın səsi astadan eşidilirdi.
Mən buna dözə bilməzdim. Sakitcə maşına minib Bakıya qayıtdım... Yolboyu zənglər davam elədi. Bir-iki başsağlığı zənginə gülə-gülə cavab verdim. Şəhərə çatanda aptekin qarşısında maşını saxlayıb içəri girdim. Aptekçidən dərman istədim... Satıcı qız üzümə baxıb astaca dilləndi:
- Göz yaşı üçün dərman satılmır...