“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, daxil olan müraciətlər əsasında ANS-in Yaradıcılıq Şurası araşdırma aparıb və aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar verib. ANS MYMŞ-nın Baş Direktoru Mirşahin Ağayev deyir: “Hesab edirik ki, efirdə elə fikirlər səslənib ki, bu doğrudan da həssas tamaşaçının hissiyyatına toxuna, ən azı onları narahat edə bilərdi. Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik”.
Elnarə Təhməzova isə hadisə barədə deyib: “Mən başa düşdüm ki, səhvim var və ifadələrimdə ehtiyatsız olmuşam, bir şey demək istəmişəm, başqa cür alınıb. Hər halda çox sevdiyim, həmişə hörmətlə yanaşdığım tamaşaçımı incitmişəm, məni bağışlasınlar, onlardan və pis vəziyyətə saldığım telekanaldan üzr istəyirəm”.
Qeyd edək ki, “incə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzədib.
Son xəbərlər
Son Xəbərlər