Antalyada güclü meşə yanğınları - Video + Fotolar

antalyada-guclu-mese-yanginlari
Oxunma sayı: 2273

Türkiyənin Antalya şəhərində güclü meşə yanğınları olub.

“Qafqazinfo” Antalya əyalətinin rəhbərliyinə istinadən xəbər verir ki, Manavqat bölgəsində baş verən meşə yanğınlarının söndürülməsində 15 vertolyot iştirak edir.

Bununla yanaşı, yanğınların söndürülməsi üçün 6 buldozer və 106 yanğınsöndürən maşın cəlb olunub.

“NTV”nin məlumatına görə, alovlar yaşayış binalarına çatıb və yaralıların olduğu bildirilir. Yanğın səbəbindən üç yaşayış sahəsinin sakinləri təxliyyə edilib.

Bildirilir ki, yanğın günün ikinci yarısında ən yaxın meşə massivinin iki nöqtəsində baş verib. Güclü külək səbəbindən alovlar böyük ərazilərə yayılıb. Yanğın hazırda yayılmağa davam edir.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli təbii fəlakətin baş verdiyi əraziyə yollanıb.

***

Ən son məlumatlara görə, duman və alovlardan təsirlənən 6 nəfər Manavqat Dövlət Xəstəxanasına yerləşdirilib. Bununla yanaşı, yanğının söndürülməsində 1 təyyarə, 19 vertolyot, 103 yanğınsöndürən maşın və yüzlərlə işçi iştirak edir.

***

Yanğın hazırda Manavqatın dörd ayrı hissəsində baş verir. Yanğın nəticəsində həlak olanların olub-olmaması barədə hələ açıqlama verilməyib.

***

“A Haber”in hazırda yanğın baş verən ərazidə olan müxbirinin sözlərinə görə, həmin ərazilərdə nəfəs almaq çətinləşib. O əlavə edib ki, ətrafda yanmış maşınlar görmək mümkündür. 

Müxbir əlavə edib ki, dumanlar 5 kilometr məsafədən görülür. Bəzi hissələrdə küləyin təsiri ilə alovlar daha da sürətlə yayılır. Yanğını hələ ki, nəzarətə almaq mümkün olmayıb.