Antalyada meşə yanğınlarında 3 nəfər ölüb - Fotolar + Yenilənib

Antalyada meşə yanğınlarında 3 nəfər ölüb
Oxunma sayı: 1969

Antalyanın Manavqat bölgəsində dünən başlayan meşə yanğınları nəzarətə alınıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğını söndürmək üçün başladılan əməliyyat davam edir.

Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, 18 kənd və məhəllə boşaldılıb. Yanğının söndürülməsi üçün 1 dron, 2 təyyarə, 19 helikopter, 192 yanğınsöndürən maşın, 30 texnika, 960 insan cəlb olunub. 

Məlumata əsasən, Aksekidə isə yanğın hələ də davam edir.

Manavqat bölgəsinin müxtəlif hissələrində başlayan meşə yanğınları küləyin təsiri ilə qısa müddətdə daha çox əraziyə yayılıb. Yanğınların yaşayış yerlərinə qədər çatması səbəbindən çox sayda ev yararsız hala düşüb. Tövlələrdə və həyətlərdə olan heyvanlar tələf olub. Bununla yanaşı, bəzi maşınlar, iş texnikası və meyvə bağlarına zərər dəyib.

Bununla yanaşı, ən son məlumatlara görə, Oymapınar su anbarında 10 nəfər köməksiz vəziyyətdə qalıb. Həyatları üçün təhlükə olmadığı deyilir. Yaşayış yerləri təxliyyə edilərkən 82 yaşında bir qoca kişinin cəsədi aşkar olunub.

Ümumilikdə, dünəndən bu günə qədər 62 nəfər yanğının təsirinə məruz qalıb. Onlardan 3-də yanıq yarası, 2-sində sümüyün qırılması baş verib. 57 nəfər isə dumanın təsirinə məruz qalıb.

***

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Manavqat bölgəsində həlak olanların sayı 3 nəfərə çatıb. Bununla yanaşı, təbii fəlakətin təsirinə məruz qalmış 58 nəfərin müalicəsi davam edir.