Aprel zəfəri üçün 730 ağac əkilib - Şəhid xanımları da iştirak edib

aprel-zeferi-ucun-730-agac-ekilib
Oxunma sayı: 2024

Aprelin 4-də Təhsil və Müdafiə nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyası keçirib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdığı, eləcə də ölkə prezidentinin yüksək qayğısı ilə Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işlər xüsusi qeyd olunub.

“Azərbaycan bayrağı” ordeni  ilə təltif edilmiş şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova çıxış edərək onlara göstərilən diqqət üçün minnətdarlıqlarını bildirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd ediblər.

Sonra hərbi hissənin ərazisində ayrılmış xüsusi məkanda aprel zəfərindən ötən hər gün üçün 730 ağac əkilib.