“Apreldə ermənilərin, bu günlərdə isə Allahın “dolusu” vurdu”

aprelde-ermenilerin-bu-gunlerde-ise-allahin-dolusu-vurdu
Oxunma sayı: 1295

Azərbaycanda taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı "Taxıl haqqında" qanuna dəyişikliyin edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Yeni dəyişikliklərə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycana idxal edilməsinə yol verilməyəcək.

Eyni zamanda bu yöndə dəyişiklik "Toxumçuluq haqqında" qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Yəni toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək.

Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, son günlər yağan yağışlar təssərrüfata çox böyük ziyan vurub: “Xüsusilə də fermerlər böyük ziyanla üzləşdi. Onlar il boyu işləyir, amma bir günlük təbii fəlakət onlara ciddi ziyan vurur. Onlara dövlət dəstəyi lazımdır. Yoxsa biz böyük fermer ordusunu itirə bilərik. Vaxtilə hidrometreoloji mərkəzlərin yanında havanın necə olacağını müəyyənləşdirən aparatlar var idi. İndi isə obyektiv və subyektiv səbəblərdən həmin aparatlar işləmir. Təbiətin şıltaqlığını əvvəlcədən bilmək üçün həmin aparatları yenidən bərpa etmək lazımdır və bu da çox vəsait tələb etmir”.

Millət vəkili Aqil Abbas da qeyd edib ki, aprel döyüşlərində cəbhəyanı bölgədə yaşayan insanların təsərrüfatını ermənilərin qradları (bizim dildə ona dolu deyilir) vurdu: “Bu günlərdə isə həmin əraziləri Allahın dolusu vurdu. İnsanlar çox böyük ziyanla üzləşdi. Ona görə də mən deputat həmkarımın fikirlərini dəstəkləyirəm”.

Günel Türksoy