Apteklərdə bu dərmanlar niyə yoxa çıxıb?

apteklerde-bu-dermanlar-niye-yoxa-cixib
Oxunma sayı: 5437

Son günlər uşaqlar arasında qrip virusunun kütləvi şəkildə yayılması dərmanlara olan təlabatı artırıb. Valideynlər isə bu kimi hallarda qızdırma və öskürəyin müalicəsində ən çox istifadə etdikləri “Tsefekon” və “Prospan” adlı dərmanları tapmaqda çətinlik çəkdiklərini deyirlər. Onların sözlərinə görə, hər iki dərmana hazırda apteklərdə rast gəlinmir. Bildirilir ki, “Tsefekon”un qiyməti 1 manat 40 qəpik olsa da, onun əvəzedicisi əczaçılar tərəfindən 4 manat 21 qəpik təklif edilir. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.

Bu məqamda bir neçə apteklə əlaqə saxlayaraq, adıçəkilən dərmanların olub-olmaması ilə maraqlandıq. "Zəfəran" apteklər şəbəkəsindən saytımıza bildirilib ki, “Tsefekon” dərmanı hazırda onların bütün şöbələrində mövcuddur. “Prospan” siropu isə iki gündür bazada yoxdur. Nə vaxt gələcəyi isə bilinmir.

"Zeytun" apteklər şəbəkəsindən isə deyilib ki, “Tsefekon”un 3 aydan 3 yaşa kimi olan növü apteklərdə mövcuddur. 3 yaşdan yuxarı növü isə hazırda yoxdur.  "Prospan"ın siropu isə 1 aya yaxındır ki, aptekə gəlmir.

“Tsefekon”un 1 aydan 3 ayadək olan növü "Ozon" apteklərində də var, qiyməti də 1 manat 30 qəpikdir. "Prospan" isə uzun müddətdir ki, burada da yoxdur. 

"Life" aptekdən verilən məlumata görə, “Tsefekon” dərmanı hazırda yoxdur, “Prospan”ın isə sonuncusu dünən satılıb.

Depo aptekdə də hazırda “Tsefekon”nun olmadığı, “Prospan” siropunun isə alman istehsalı olan növünün ( qiymət 32 manat) olduğu qeyd edilib. 

"Kanon" aptekdə də hazırda “Tsefekon”nun 3 aydan 3 yaşa kimi növünün var olduğu, “Prospan” öskürək dərmanının isə bu gün ərzində ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, hazırda “Tsefekon”un mövcud olduğu apteklərdə qiyməti 1 manat 40 qəpik səviyyəsində dəyişməz olaraq qalıb.

Günel Türksoy