“Aqibətimin necə olacağını bilmirəm” - Tәrlan Әhmәdov

aqibetimin-nece-olacagini-bilmirem
Oxunma sayı: 637

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 24-cü turunda İnterə qarşı oyundan (1:2) sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo”nun xəbərinə görə, o, AZAL-ın məğlubiyyətini şərh edib.
 
- Komandamın oyunundan zövq aldım. Rəqibi təzyiq altında saxladıq. Ancaq bu, nəticəyə təsir etmədi. Standard vəziyyətlərdə diqqətsizliyin qurbanı olduq. Ümumilikdə, bu gün yaxşı çıxış etdik. Təəssüf ki, məğlub olduq. Bundan sonra necə olacağını mən də bilmirəm. Komandanın oyununda yüksəliş var.
 
- Çempionatda sonuncu yer tutmağınız qətiləşdi. Əziyyətinizə heyfiniz gəlmir?
- 2 il bundan əvvəlki mövsümə görə təəssüflənirəm. Yaxşı komanda qurmuşduq, amma uşaqların hərəsi bir tərəfə dağıldı. Sonuncu pillədə olmamalı idik. Deməli, bu, bizim alnımıza yazılıb. Sonuncu yeri tutmağımız nə mənə, nə də uşaqlara görə oldu. Obyektiv olanlar başa düşərlər ki, biz oyunumuza görə sonuncu pillədə deyilik. Əgər bir komanda çempionluq istəyirsə, bunu xadiməçidən tutmuş, prezidentə qədər hər kəs istəməlidir.
 
- Bizdə hər dəfə olmur ki, sonuncu pilləni tutan komanda diviziona yuvarlansın. Fərqli qərarların şahidi olmuşuq. Bu dəfə AZAL-ı elitada saxlayacaqlarına inanırsız?
- Bu barədə heç bir məlumatım yoxdur. Heç fikirləşmirəm də. Bu, mənim işim deyil. Hansı qərarların qəbul olunacağını bilmirik. Son oyunlarda bir neçə qələbə qazanmaq istəyirik. Biz də gözləyirik.
 
- AZAL-ı birinci divizionda da çalışdırarsız?
- Fikrət Hüseynovla birlikdə cavanlıqda futbol oynamışıq. Son iki ildə komandanı atıb getmədim. Birinci diviziona düşsək, hər şey büdcədən asılıdır. Əgər büdcə yenidən elitaya çıxıb, yaxşı mübarizə aparmaq üçün yetərli olsa, bəli, çalışdıraram.
 
- Bəs, bir məşqçi kimi sizin taleyiniz necə olacaq?
- Açıq deyim, təkliflərin olduğunu eşidirəm, amma real heç nə yoxdur. Aqibətimin necə olacağını bilmirəm. Amma fikrimi qalan oyunlara yönəltmişəm.
 
- Niyə yeni-yeni yaranan, maliyyə imkanları yaxşı olan komandalar, eləcə də "Neftçi" Tərlan Əhmədova ehtimad göstərmir? Məgər siz Elxan Abdullayevdən zəif məşqçisiz?
- Bu barədə heç nə deyə bilmərəm. Hər klubun öz strategiyası var. Bu sualı onlara versəniz, daha yaxşı olar. Mən öz işimin başındayam. 3 futbolçumuz U-21-dədir, digər üçü də U-23-ə cəlb olunub. Aqil Məmmədov da əsas millimizdə çıxış edir. İşimiz də göz qabağındadır 

 
Qarşılaşmadan sonra sabiq “bankirlər”in baş məşqçisi Zaur Svanadze qələbəni şərh edib.
 
- Çox çətin oyun oldu. AZAL-la oynayanda hər dəfə çətinliklə üzləşirik. Qələbəyə görə çox şadam. Onların yaxşı qol imkanları oldu. Deyərdim ki, bəxtimiz gətirdi. Bütün problemlərə baxmayaraq, uşaqlar yaxşı çıxış etdi. Buna görə də onlara minnətdaram.
 
- Bilirik ki, fevralın da maaşı verilməyib. Qələbəyə görə mükafat da verilmir. Belə durumda komandanı motivasiya etmək çətin deyil?
- Onlar hamısı bunu başa düşürlər. Çünki peşəkar futbolçulardı. Bilirlər ki, yaxşı yer tutsaq, komandaya sponsor cəlb edə bilərik. Sübut edirlər ki, "İnter" yaxşı komandadı.