“Aramızda razılığa gəlsək də, hakim buna da qarşı çıxır” - Foto

aramizda-raziliga-gelsek-de-hakim-buna-da-qarsi-cixir
Oxunma sayı: 6038

Ötən il leysan yağışları nəticəsində “Binə” bazarındakı subasmada 84 min manatlıq zərər dəyən sahibkar sığorta şirkətinin ödəniş etməməsindən və məhkəmənin bu işə laqeyd yanaşmasından şikayətçidir.

Sahibkar Bəhruz Məmmədov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Binə Ticarət Mərkəzi”ndə yerləşən paltar satışı mağazasını “Azərsığorta”da 150 min manat məbləğində sığortalatdırıb. 2020-ci il noyabrın 17-də Bakıda yağan leysan yağışlar zamanı onun mağazasını su basıb və daşınar əmlak üzrə 84 164 manat məbləğində zərər dəyib: “Hadisə zamanı dərhal dövlət orqanlarına və sığorta şirkətinə dəfələrlə məlumat verdim. Mən yararsız hala düşən malları aylarla anbarda saxladım, rəsmi məktubla şirkətə müraciət etdim. Bir dəfə də olsun gəlib baxış keçirmədilər, dəymiş zərəri qiymətləndirmədilər. Dövlət Sığorta Şirkəti dəymiş zərərin əvəzini də ödəmədi, onlarla bağlı məhkəməyə müraciət etdim. Mən də Mərkəzi Bankın sığorta ekspertini dəvət etdim, həmin şəxs dəyən zərəri qiymətləndirdi və rəsmi rəy verdi”.

B.Məmmədov bundan sonra dəyən zərərin ödənilməsi üçün sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlərə baxan Bakı Kommersiya Məhkəməsinə müraciət edib: “Mən malları karqo şirkəti vasitəsilə və digər şəxslərdən qaimə ilə almışam. İndi isə işə baxan hakim Leyla Əliyeva bu sənədləri qəbul etmir. Hakim məndən həmin malları tələb edir. Mən o qədər məhsulu bir ildən çox saxlaya bilməzdim, üç ay saxladım, hər ay da anbara ödəniş etdim, amma şirkət gəlib qiymətləndirmədi”.

Sahibkar iddia edir ki, hakim hər iki tərəfin razılaşdığı məsələyə də qarşı çıxır: “Biz məhkəmədə təklif etdik ki, hadisə zamanı və sonradan çəkilən videogörüntülərə baxış keçirilərək dəyən zərər təkrar ekspertiza ilə qiymətləndirilsin. Sığorta şirkəti də bununla razılaşdı, amma hakim işi Ədliyyə Nazirliyinin ekspertizasına göndərmir, hələ də altı ay əvvəl yararsız hala düşən malları tələb edir”.

Bu iddia üzrə məhkəmə prosesi iyunun 4-də davam etdiriləcək.

Murad Əhməd