“Araşdırıb bildik ki, qız heç kimlə gəzməyib” - Nişanlısını öldürənin məhkəməsi

arasdirib-bildik-ki-qiz-hec-kimle-gezmeyib
Oxunma sayı: 755

Bakı Ağır Cinayətlər Məhkəməsində nişanlısını öldürməkdə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Nəcəf Məcidov deyib ki, hadisə baş verən zaman nişanlısı ilə hamamda görüşüblər: “Biz həmişə hamamda görüşürdük. Hava da soyuq olduğu üçün qapını içəridən bağlayırdıq ki, içəri isti olsun. Həmin gün də söhbət etdik, İlhahə ayrılmaq istədiyini dedi, beynim çöndü, vurdum. İlahəni vurandan sonra özüm qapını açıb çölə çıxdım. Amma istintaqda yazıblar ki, mən qapını bağlı saxlamışam, onlar zorla açıblar.

Mən əsəbi halda çölə çıxanda Rəhimə qışqırıb üstümə hücum etdi, onu da vurdum. Özümdə deyildim. Son günlər də İlahə ilə aramız yaxşı deyildi. İrad bildirirdim, əhəmiyyət vermirdi”.

Hadisə zamanı yaralanan Rəhimə Ağayeva məhkəmədə deyib ki, hadisə baş vermədən öncə bacısı İlahə ilə N.Məcidov 2-3 saat telefonla danışıblar: “Bacım dedi ki, Nəcəf mənlə görüşmək üçün yalvarır. Mən də dedim imkan ver gəlsin, görüşün. Sonra bacım evdən çıxdı, gözlədim gəlmədi. Həyətə çıxanda gördüm Nəcəflə pilləkənin yanındadırlar, evə qayıtdım. Gecə saat 4-də oyandım gördüm bacım yerində yoxdu. Hamamdan səs-küy gəlirdi, qapını döydüm İlahə çıxıb dedi ki, Nəcəflə söhbət edirik. Yenə evə qayıtdım. Yarım saat sonra bacımın qışqırıq səsləri gəldi, qaçaraq hamama getdim. İlahə qan içində idi, Nəcəf də əli qanlı çölə çıxdı. Onun üstünə cumub niyə belə etdiyini dedim, məni də vurdu”.

Şahid qismində ifadə verən Vüsal Zeynalov deyib ki, N.Nəcəfov nişanlısı İlahənin qonşu oğlanla gəzdiyini deyib: “Biz araşdırıb bildik ki, həmin qız heç kimlə gəzməyib. Buna görə Nəcəfi söhbətə çağırdıq, gəlmədi. Biz də məhəllədən 2-3 oğlan onu zorla gətirib sorğu-sual etdik”.

Məhkəmə prosesi iyulun 20-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 4-də Binə qəsəbəsində 31 yaşlı Nəcəf Məcidov 26 yaşlı nişanlısı İlahə Ağayevanın boğazını kəsərək qətlə yetirib, bacısı Rəhiməyə isə bir neçə bıçaq zərbəsi vurub. Qətlin səbəbi isə əvvəllər də məhkumluq həyatı yaşayan

N.Məcidovun nişanlısı İlahənin üzüyü geri qaytarmaq istəməsi olub. İ.Ağayeva nişanlısının tüfeyli həyat tərzi keçirdiyini deyərək ondan ayrılmaq istədiyini bildirib. 

Murad Əhməd