Araz Ağalarovdan qubernatora - Şikayət

araz-agalarovdan-qubernatora-
Oxunma sayı: 3224

Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatının oyunlarının keçirilməsi üçün nəzərdə tutulan stadionlardan birinin inşasını həyata keçirən azəırbaycanlı biznesmen Araz Ağalarov tez-tez qubernatora şikayət yazır.

“Qafqazinfo”nun virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu haqda Kalininqrad vilayətinin qubernatoru Nikolay Tsukanov 2018-ci il dünya çempionatı üçün nəzərdə tutulan obyektlərin tikintisinə həsr edilmiş müşavirə zamanı deyib. 

“Onlar mənə hər həftə şikayət yazırlar. Və bir qayda olaraq məktub bu cür frazalarla bitir ki, “əgər bu və ya digər problem həll edilməsə, stadion vaxtında tikilib başa çatdırılmayacaq”. Deyirlər ki, əgər filan məsələ həll edilməsə, tikintini çatdıra bilməyəcəyik. Gah qumla bağlı, gah elektrik enerjisi ilə bağlı şikayətlənirlər”, - deyə qubernator söyləyib.

Tsukanov bildirib ki, elə bu gün Araz Ağalarovdan məktub alıb: “Müşavirədən az əvvəl ondan o qədər də korrekt olmayan, hansısa iradlarla dolu məktub almışam. Bütün işgüzar məqamları bu rəsmi “peyntbol”suz da həll etmək olar. İdman Nazirliyi ilə, “Sport-İnjinirnq”lə dil tapmışıq. “Crocus”la isə hələ yox”.

Qubernatorun dediyinə görə, Ağalarov son məktubunda obyektin tikintisi üçün elektrik enerjisinin kifayət etmədiyini bildirir. “Yazır ki, elektrik gücü kifayət etmir. Və bu səbəbdən dizel generatorlarından istifadə etməli olur. Axı başa düşün, əgər “Crocus” sənədləşməni təmin etməyibsə o zaman heç kim onları elektriklə təmin edə bilməz” - Tsukanov azərbaycanlı oliqarxın qarasınca danışaraq deyib.

Qubernator bildirib ki, bu gün “Crocus” şirkətinin nümayəndələri ilə görüşüb məsələni müzakirə edəcək.

Kalininqraddakı stadionun tikintisinin smeta dəyəri 17.3 milyard rubldur. Bu stadionun tikintisi üçün ayrılmış ərazi bataqlıqdan ibarət olub və gözlənilir ki, ayrılan vəsait tikintini başa çatdırmağa bəs etməyə bilər. Lakin Ağalarovun şirkəti stadionun tikintisinə əlavə vəsaitin ayrılmasına nail ola bilməyib.