Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin səfirlərini qəbul edib

araz-ezimov-atet-istirakci-dovletlerinin-sefirlerini-qebul-edib
Oxunma sayı: 1355

Xarici işlər nazirinin müavini Araz Əzimov bu gün ATƏT iştirakçı dövlətlərinin Azərbaycan Respublikasındakı səfirlərini qəbul edib və işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət aparıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qeyd edib ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır. Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəldib.

Nazir müavini atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğuladı. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırladıb. O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğulayıb.