“Görünür ki, Araz Əzimov özündə hünər tapıb, məsələyə münasibət bildirib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ekspert Elxan Şahinoğlu Xarici işlər nazirinin müavini Araz Əzimovun Suriya ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən zaman deyib. Politoloq nazir müavininin Əsəd rejimini dəstəkləməsi barədəki fikirlərini yanlış qiymətləndirib:
“Araz Əzimovun müsahibədə Suriyadakı rejimlə bağlı açıqlamasını yanlış hesab edirəm. Azərbaycan heç bir halda Əsəd rejimini dəstəkləyə bilməz. Düzdür, Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, indiki müharibə şəraitindən narahatdır və münaqişələrin sona çatmasını istəyir. Ancaq Araz bəy bu qədər məsələlərin dərinliklərinə getməməlidir. Suriyadakı hazırki qarşıdurma Əsədin insanlara atəş açmasının nəticəsidir. Bunu Rusiya və İrandan başqa bütün sivil dünya ölkələri belə qəbul edib.
Burdan o nəticəyə gəlmək olar ki, Araz Əzimov Rusiya və İranın dediklərini təkrarlayır. Halbuki biz bu məsələdə daha çox sivil dünyanın, strateji hərbi müttəfiqimiz Türkiyənin yanındayıq. Biz yenə də Suriyanın daxili işlərinə qarışmırıq, ancaq orada baş verənlər bizi də narahat edir. Nə qədər vətəndaşımız orada terrorçulara qoşulub, bu cəhətdən ölkəmizə təsiri var. Ancaq nə Əsədi legitim prezident adlandırmaq olar, nə də ki onun ordusu legitim ordudur. Əgər orada legitim mühit olsaydı, ölkə bu cür uçuruma yuvarlanmaz, 4-5 yerə parçalanmazdı”.
Ekspert onu da bildirib ki, Araz Əzimovun belə açıqlama verməsi qəribə haldır:
“O, bir tərəfdən də hakimiyyətin təhvil verilməsini dəstəklədiyimizi vurğulayıb. Onsuz da, Əsəd hakimiyyəti heç kimə vermək istəmir. Halbuki sivil dünya ondan bunu tələb edir və indiki müharibəyə son qoyacaq yeganə addım Əsədin hakimiyyəti təhvil verməsidir. Demirəm ki, müsahibədə Əsəd ciddi tənqid olunmalıdır. Amma elə diplomatik ifadələr işlətmək olar ki, balanslaşdırılmış siyasət yürüdən kiçik bir dövlətin nümayəndəsi kimi vəziyyətdən çıxsın.
Bu insanlar yerli mətbuat orqanlarına müsahibə verməkdən həmişə qaçırlar. Xaricdə açıqlama verən zaman da belə vəziyyətə düşürlər. Araz Əzimov illərin diplomatıdır, Azərbaycan müstəqil olandan XİN-də çalışır, Dağlıq Qarabağ danışıqlarında ölkəni və prezidenti təmsil edir və belə bir mühüm pozisiya malik adam deyir ki, Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır və onun ordusu hüquqi institutdur. Elə hesab edirəm ki, Araz Əzimovun müsahibəsindəki fikirlərə ya özü, ya da XİN açıqlama gətirməlidir. Əks halda Qərbdə və Türkiyədə Azərbaycanı İran və Rusiya ilə yanaşı Əsəd dəstəkçiləri siyahısına aid edəcəklər”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər