Millət vəkili Fazil Mustafa AzTV-nin rəhəbri Arif Alışanovun Qulu Məhərrəmlini məhkəmyə verməsinə münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat bu barədə "Facebook"da yazıb:
"Bu günlərdə AzTV-nin rəhbəri Arif Alışanovun tanınmış jurnalist və pedaqoq Qulu Məhərrəmlini məhkəməyə verməsi məndə həqiqətən də xoş ovqat yaratmadı. Təbii ki, hörmətli Qulu Məhərrəmli tərəfindən AzTV-nin efir siyasətinin təhlilində tənqidlə yanaşı məhz Arif Alışanovun şəxsinə yönəlik sərt üslubda bəzi incidici ifadələr də yer alırdı. Məncə televiziya məsələsinə iki kontekstən yanaşılmalıdır. Birinci, dövlət siyasətinin icraçısı, ikinci isə sənətin və peşəkarlığın tamaşaçı zövqünə yönəlik təqdimatı. Siyasətin cızdığı çərçivə müəyyən dərəcədə məhduddursa, hansısa səlahiyyətli məmurun bu çərçivədə düzəlişlər etməsi də çətin olur. Ona görə də siyasətin xarakterinə yönəlməsi lazım gələn iradları şəxslərə yönəltməklə durumu yaxşıya doğru dəyişmək mümkün olmur. Peşəkarlıq və sənət baxımından yanaşıldıqda isə, siyasətin təbliğini bir tərəfə qoysaq, AzTV-nin proqram yeniliyində xeyli müsbət məqamları qeyd etmək olar. Ona görə də Arif Alışanovun birbaşa ittiham edilməsini doğru saymasam da, eyni zamanda Azərbaycan jurnalistikasında öz dəsti-xətti olan, vicdanlı ziyalılarımızdan biri kimi tanıdığım Qulu Məhərrəmlinin fikirlərinə görə məhkəməyə verilməsini zərərli tendensiya hesab edirəm. Bu kimi məsələlərdə haqlılıq sağlam polemika yolu ilə çözülməlidir, əgər təhqir elementi varsa, bunu da yumşaldıcı üslubla mətbuatda etiraf etmək də mümkündür Ancaq məhkəmədə bir ziyalının ödəyə bilməyəcəyi məbləğlə bu cür çəkişməyə cəlb olunması kimsəyə nüfuz gətirmir. Düşünürəm ki, bu məsələdə hörmətli Arif Alışanov məsələnin məhkəmə müstəvisində həllindən imtina etməklə bir nümunəvi ziyalı jesti edə bilər. Eyni zamanda bu davranış, ölkə prezidentinin də jurnalistlərə münasibətdə son illərdə atdığı müsbət addımların da məntiqi davamı olar. Çünki bütün hallarda Qulu Məhərrəmli kimi nüfuzlu bir ziyalının məhkəmə çəkişməsinə cəlb olunması ölkəmiz üçün də düşünmürəm ki, müsbət imic gətirsin".
Son xəbərlər
Son Xəbərlər