Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, təbrikdə deyilir ki, bu gün rəsmi dövlət bayramı olan Novruz bayramını xalqımız arzuladığı kimi qeyd edə bilmir: “Əziz soydaşlarım! Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə uzun ömür və xoşbəxtlik arzulayıram. Novruz bayramı Şərq təqviminə görə yeni ilin gəlişi olmaqla yanaşı, baharın, saflığın və bərəkətin rəmzidir. Bu gün rəsmi dövlət bayramı olan Novruz bayramını xalqımız arzuladığı kimi qeyd edə bilmir. Çünki xalq ağır böhran, dərin sosial-iqtisadi çətinliklər içində yaşamağa məhkum edilib. Günahsız insanlar şərlənərək həbsxanalara atılır, insanların mülkiyyət haqları pozulur, hüquq və azadlıqları hər addımda tapdalanır. Novruz insanları halal zəhmətə, əməyə çağırır, amma insanlar minbir əzaba qatlaşaraq ailəsinə çörək pulu qazanmaq imkanından məhrum edilir. Onlar əməyinin bəhrəsini görə bilmirlər, bu zəhmətin bəhrəsini bir ovuc xalqın qəniminə çevrilmiş şəxslər mənimsəyir. Hakimiyyət nümayəndələri hər cür zənginliklərə malik bir ölkənin vətəndaşlarının sabahkı günə inamını məqsədli şəkildə məhv etməyə çalışırlar.
Bütün bunların qarşısını almaq üçün böyük potensialı olan bir xalqın övladı kimi hər bir Azərbaycan vətəndaşı öz taleyinə sahib olmaq, öz haqlarını qorumaq uğrunda mübarizə aparmalıdır. Yalnız fədakar mübarizə yolu ilə ölkəni indiki ağır durumdan qurtarmaq, xalqın bütün problemlərini həll etmək mümkündür. Mən ümid edirəm ki, çox yaxın vaxtlarda bu amal uğrunda apardığımız mübarizədə azadlıq və ərazi bütövlüyü naminə ciddi uğurlara imza atacağıq.
Bir daha Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayıram.”
Son xəbərlər
Son Xəbərlər