Armen Sarkisyanı istefaya məcbur edən amil…

armen-sarkisyani-istefaya-mecbur-eden-amil
Oxunma sayı: 1886

Ermənistanda gözlənilən istefa nəhayət ki, baş tutdu və məğlub ölkənin dördüncü Prezidenti Armen Sarkisyan səlahiyyət müddətinin bitməsinə 3 il qalmış istefa verdi.

Sabiq Prezident istefasını ölkədə İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra artıq bir ildən çoxdur ki, davam edən siyasi təlatümlərin fonunda bu proseslərə heç bir təsir imkanlarının olmaması ilə əlaqələndirdi. Hesab edirəm ki, bu arqumentdə müəyyən həqiqət payı olsa da, istefa tam bununla bağlı deyil. Çünki 10 noyabr tarixli kapitulyasiya aktının imzalanmasından təxminən 16 ay keçir. Və bu istefa tam olaraq Ermənistanın məğlubiyyəti və onun nəticəsində yaranan ölkədaxili iğtişaşlarla bağlı olsaydı, məntiqlə daha öncə baş verməli idi.

Bəs necə oldu ki, Qərb dövlətləri tərəfindən dəstəklənən və fəaliyyət tarixçəsinə görə də qərbyönümlü olan bir Prezident istefa verməyə məcbur oldu?

Hesab edirəm ki, əslində, Ermənistanın məğlubiyyətindən sonra ölkədə başlayan çaxnaşmaların nəticəsi olaraq, Baş nazirlə yanaşı Prezidentin də istefası gözlənilsə də, bu hələ aylar öncə baş verməli idi. Hər bir halda qəbul edək ki, ötən ilin 20 iyun tarixində keçirilən erkən parlament seçkilərindən sonra bu istefa o qədər də aktual görünmürdü. Ancaq görünən odur ki, cəmiyyətdə görünən gərginliklə yanaşı, siyasi elita arasında da o qədər də görünməyən, lakin ciddi xarakter daşıyan qarşıdurma hələ də davam etməkdədir.

Ermənistan cəmiyyətində ciddi nüfuza sahib olmasa da, insanların nifrətinə də tuş gəlməyən eks-Prezident Armen Sarkisyanın istefasını iki faktorla əlaqələndirirəm. Birinci faktor kimi, ötən ilin parlament seçkilərində qələbə qazanan Paşinyan Moskva ilə formal vəzifə olan Prezident kürsüsünə istənilən şəxsin sahib olmasına razılıq verib. Bu halda 2015-ci ildə keçirilən referendumun nəticələri üçüncü Prezident Serjik Sarkisyanın yolu bağlansa da, Köçəryan da daxil olmaqla digər şəxslərin seçilmə ehtimalı mümkündür. Hesab edirəm ki, bu yolla tərəflər ölkə daxilində müəyyən qədər də olsa siyasi tarazlığın təmin olunmasına nail olmağa çalışacaqlar. Ancaq hər bir halda, əvvəlki fikrimdə qalıram ki, keçmiş Qarabağ klanının üzvlərini tam olaraq zərərsizləşdirə bilmədiyi təqdirdə Paşinyan ölkəni normal idarə edə bilməyəcək.

İkinci amil kimi, bu istefanı ölkədə uzun müddətdir ki, baş tutması proqnozlaşdırılan siyasi repressiyalar öncəsi bir addım hesab edirəm. Prezident bir çoxları tərəfindən əsassız olaraq zəif qəbul edilən, ancaq əslində hakimiyyətini gücləndirmək uğrunda istənilən addımı atmağa hazır olan Baş nazirin siyasi revanşa hazlrlaşdığını açıq şəkildə hiss edir. Bu artıq Baş nazir Nikol Paşinyan üçün siyasi rəqiblərinə qarşı zamanında Fransada baş verən “Varfolomey gecəsi”ni 450 il sonra təkrarlaması üçün bəlkə də, sonuncu real və tarixi şansdır.

İstənilən versiyada düşünürəm ki, Nikol Paşinyan bu imkandan mümükün qədər yararlanmağa və öz komandasından və ya ən az onun hakimiyyətinə loyal olan bir Prezidentin seçilməsinə çalışacaqdır. Bütün bunlarla yanaşı hazırda baş verməkdə olan proseslər Ermənistanda Qarabağ klanının tarixə qovuşmasını da reallaşdıra bilər. Çünki həmin klanın əsas hədəfi olan Nikol Paşinyanın imkanları və şansı daha böyükdür. Hazırki konstitusiyaya görə ölkədə Prezident xalq tərəfindən deyil, parlament tərəfindən seçilir. Fransadakı kimi Milli Assaambleya adlanan Ermənistan parlamentində də, az da olsa səs çoxluğu Nikol Paşinyanda olduğuna görə prosesin gedişatını təsəvvür etmək çətin deyil. Ancaq hazırda 42 yaşlı parlament sədri və Paşinyan komandasına aid olan Alen Simonyanın əvəz etdiyi Prezident kürsüsünə iddialılar çox olacaq. Bu prosesə regionda söz və nüfuz sahibi olan Moskvanın da biganə qalmayacağı məlumdur. Onu da qeyd etmək lazımdır ki, 1998-ci ildə ölkədə hakimiyyəti qanunsuz olaraq devirib, təkrar seçkilərdə cüzi səs çoxluğu ilə hakimiyyətə gələn Robert Köçəryanla ənənəsi qoyulan 9 aprel andiçmə tarixinə də son qoyulacağı gözlənilir. Bu məqam ciddi əhəmiyyətə malik olmasa da, onu rəmzi olaraq Ermənistanın cinyaətkar klanının sonunun işarəsi hesab etmək olar. Yalnız bundan sonra biz Ermənistanda artıq bir ildən çoxdur ki, davam edən ciddi böhranın səngiməsinin və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində real addımların şahidi ola bilərik.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov