“Qafqazinfo”nun məlumatına görə, fevralın 7-də Londondakı “King`s College” universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS,) Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, və ASAIF-in dəstəyi ilə “Arşın mal alan” filmi nümayiş olunub.
Azərbaycanlı tələbələr adından qonaqları salamlayan Azərbaycan Cəmiyyətinin sədri (president) və ASAIF-in fəal üzvü Mərdan Həsənzadə film haqqında məlumat verib:
“Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilib. Film Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood”da bərpa olunub və rəngli variantda hazırlanıb”.
Azərbaycanın son illərdəki sürətli inkişafından bəhs edən video-çarxdan sonra Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, səfirliyin əməkdaşları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, müxtəlif universitetlərdən tələbələrin də daxil olduğu 250-ə yaxın tamaşaçı bərpa olunan və rəngli variantda hazırlanan “Arşın mal alan” filmini izləyib.
Qeyd edək ki, filmdən əvvəl ziyafət təşkil edilib, qonaqlar milli mətbəximizin ləziz təamlarını dadıblar.
Tədbirdə iştirakçılara Azərbaycanın mədəniyyətindən, turizm potensialından və adət-ənənələrimizdən bəhs edən jurnallar və bukletlər paylanılıb.
Son xəbərlər
Son Xəbərlər