“Artıq həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır”

artiq-heqiqetler-acilir-tehrif-edilmis-hadiseler-ozunun-esl-qiymetini-alir
Oxunma sayı: 1407

“Tarix faktlara əsaslanır və əsla saxtakarlığı sevmir. Bu həqiqəti Azərbaycan dövləti ən yüksək tribunalardan Ermənistana və ona zaman-zaman havadarlıq edib azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirməsinə dəstək olan dövlətlərə çatdırsa da, qarşı tərəflər laqeyd yanaşmaları ilə diqqəti özlərinə çəkməyi yeganə çıxış yolu hesab edirlər. Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistana dost ölkənin cavabı hər kəsə məlumdur: Tarixçilərdən ibarət Türkiyə və Ermənistan komissiyası yaradılsın, bütün dünya arxivləri açılsın. Ermənistan rəsmiləri buna cavablarında “Bununla tarixçilər deyil, siyasətçilər məşğul olmalıdır” deməklə fakt qarşısında nə qədər aciz durumda olduqlarını təsdiqlədilər. Təəssüf doğuran hal budur ki, Ermənistanın bu yanlış yanaşmasına onun dəstəkçiləri də tərəfdar çıxdılar. Ermənistan və onun havadarları bu acizliklə, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməklə, tarixi və dini abidələrimizi yerlə-yeksan edib bu torpaqları erməniləşdirmə siyasəti aparmaqla nəyəsə nail olmağın mümkünsüzlüyünün 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldular. İnformasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Bu əsrdə danışan, Zəfər çalan yalanlar deyil, faktlar, tarixi həqiqətlər olur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər: “Artıq həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, Ermənistan adlı uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının olmayan tarixinin süni surətdə şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, tarixi memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Elə o zamanlardan başlayaraq ermənilərə göstərilən dəstəklər bu günə qədər davam etməkdədir”.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, 1988-ci ildə ermənilərin torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında da dünyanın ikili standartlara əsaslanan siyasəti, ermənilərin başına çəkilən sığallar əsas rol oynadı:

“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər onların başına çəkilən sığal nəticəsində bu qərar və qətnamələrə məhəl qoymadılar, “evin ərköyün” uşağı” kimi istədikləri zaman danışıqlar prosesinə qatıldılar, istəmədikləri zaman da müxətilf bəhanələrlə bundan yayındılar. Yəni, himayədarlarından aldıqları dəstəklər onlarda ruh yüksəkliyi yaradır, daha böyük iddialarla çıxış etmələrinə rəvac verirdi. Mənfur düşmənin yeni ərazilər uğrunda müharibə planları da bunun təsdiqi oldu. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi ermənilərin bu planlarının faş edilməsinə yardımçı olmaqla ədalətin, beynəlxalq hüququn bərpasına yol açdı, dünyaya Azərbaycan xalqı üçün Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu, öz tariximizə, mili-mənəvi dəyərlərimizə, dünənimizə və bugünümüzə nə qədər bağlı xalq olduğumuzu nümayiş etdirdi”.

Vüqar Rəhimzadə diqqəti Azərbaycanın elm və ictimai xadimlərinin iyulun 6-da Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətə yönəldərək bildirib ki, sənəddə də qeyd olunduğu kimi, UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Dünya ictimaiyyəti isə bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi-mədəniyyət nümunələri yoxdur? Çünki bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğuna, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır. Müraciətdə bir daha bu həqiqət qurumun diqqətinə çatdırılır ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir”.