“Artpak” Azərbaycana analoqu olmayan avadanlıq gətirdi - Fotolar

artpak-azerbaycana-analoqu-olmayan-avadanliq-getirdi
Oxunma sayı: 6011

“Artpak”ın təşkil etdiyi və dünyada analoqu olmayan unikal avadanlıqların alınmasına həsr olunmuş təqdimat keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Artpak” 2009-cu ildə yaradılıb və elastik plastik qablaşdırma və öz-özünə yapışan etiketlərin istehsalı üzrə ixtisaslaşıb. Azərbaycan şirkəti dünyada etiket və qablaşdırma çapı üçün hibrid analoq-rəqəmsal avadanlıq alan ilk şirkət olub.

Avadanlıq Rusiyanın B2print şirkətindən alınıb. “Artpak”ın təsisçilərindən biri İlqar Məmmədovun sözlərinə görə, bundan sonra Azərbaycan mal istehsalçıları etiket və qablaşdırma üçün xarici şirkətlərə müraciət etməyə bilər. Ən müasir və keyfiyyətli məhsul artıq Azərbaycanda istehsal olunacaq.

“Mən Rusiyada yaşayıram və biz Rusiya təcrübəsini ölkəmizdə fəal şəkildə tətbiq edirik. Azərbaycanda bu biznes ciddi şəkildə inkişaf edib. Burada gördüyünüz avadanlıq unikaldır. İtaliya və İsveçrədə istehsal olunur və dünyada analoqu yoxdur.

Onu da demək istəyirəm ki, Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılıb və buna görə ölkə rəhbərliyinə təşəkkür etmək istəyirəm. Biz xaricdə yaşayan azərbaycanlılar hər zaman Vətənimizə dəstək olmağa çalışırıq. “Artpak” koronavirusla mübarizədə və Vətən müharibəsi zamanı köməyini əsirgəmədi. Bu qələbəyə görə cənab Prezidentə və ordumuza təşəkkür edirəm!”

B2print-in sözçüsü Sergey Kuzin bildirib ki, Rusiya şirkətləri bu avadanlığı almağı düşünərkən, “Artpak” daha çevik olub və dünyada hibrid avadanlıq əldə edən ilk şirkət olub.

“Bu sözləşmə Azərbaycanda etiket və qablaşdırma istehsalının inkişafına böyük təkan verəcək”.

Təqdimatda Milli Məclisin vitse-spikeri Adil Əliyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Azərbaycanın əməkdar məşqçisi, sərbəst güləş üzrə tanınmış mütəxəssis, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman bölməsinin rəisi Firdovsi Umudov, tanınmış idmançılar da iştirak ediblər. Güləşçilər Hacı Əliyev, Cəbrayıl Həsənov, Rəsul Çunayev və başqa qonaqlar da tədbirə qatılıb.

Adil Əliyev çıxışında Artpakın Qarabağda Vətən Müharibəsi zamanı Azərbaycan ordusuna dəfələrlə hər cür köməklik göstərməsinə xüsusi diqqət yetirib: “Bu gün Azərbaycanın zəfərli qələbəsinin ildönümü ərəfəsində biz sevinməyə bilmərik ki, “Artpak” inkişaf edir və ölkənin rifahı naminə çalışmaqda davam edir”.

Kamran Nəbizadə Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün yaradılan şəraiti qeyd edib: “Mən şadam ki, bu gün şirkətlərimiz ən müasir avadanlıqları əldə etmək və inkişaf etdirmək imkanına malikdirlər”.

Tanınmış məşqçi, “Sərhədçi” İdman Olimpiya Kompleksinin idman bölməsinin rəisi Firdovsi Umudov çıxışı zamanı Azərbaycan şirkətinin dünyada ilk hibrid avadanlıq almasının və bütün müasir tələblərə cavab verməsinin vacibliyini vurğulayıb: “Qələbə gününə bir neçə gün qalmış bura toplaşmışıq. Bir il əvvəl Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə dədə-baba torpaqlarımızı bizə qaytaran tarixi qələbə qazandı. Mən Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı kimi dostum İlqar Məmmədovun və  “Artpak” şirkətinin, xüsusən də işğaldan azad edilmiş torpaqlarda ölkə sərhədlərini qoruyan sərhədçilərimizə göstərdiyi köməyi qeyd etməyə bilmərəm. Allah şəhidlərimizə rəhmət eləsin, müharibə veteranlarına can sağlığı arzu edirik. Biz veteranlarımıza hər zaman dəstək olmağa hazırıq”, - deyə Firdovsi Umudov bildirib.

Sonda İlqar Məmmədov və Adil Əliyev yeni texnikanın istifadəyə verilməsi əlaməti olaraq rəmzi qırmızı lenti kəsiblər.