Artur Rəsizadə ilə alman dilində danışmaq

artur-resizade-ile-alman-dilinde-danismaq
Oxunma sayı: 3145



Milli Şuranın martın 15-də keçirdiyi mitinqdə diqqətimi ən çox cəlb edən məqam 20-22 yaşlı bir gəncin paltarının altından Almaniyanın bayrağını çıxarıb, şəkil çəkdirməsi oldu. O, ətrafa göz gəzdirib, heç kimin ona əhəmiyyət vermədiyini görəndən sonra əlində tutduğu bayrağı lazımsız əski parçası kimi büküb köynəyinin altında gizlətdi.

Jurnalist marağı güc gəldiyi üçün üzdən tanımadığım, mitinqlərdə ilk dəfə gördüyüm bu gənci izləməyə qərar verdim. Cəmi bir neçə dəqiqə sonra o, sivişib aradan çıxdı. Bu cavan oğlan “Məhsul” stadionunu tərk edəndə üzündə qeyri-adi, qəribə ifadə vardı. Alman hökumətindən siyasi sığınacaq almaq üçün tələb olunan prosedur qaydalarından birini keçdiyinə görə, olduqca xoşbəxt görünürdü...

Hazırda Avropa ölkələrində mühacirət həyatı yaşayan minlərlə həmvətənimiz var. Azərbaycanın ictimai-siyasi mühitinə yaxından bələd olan adam kimi deyə bilərəm ki, həmin şəxslərin arasında uzaqbaşı beş-altı nəfər nə vaxtsa təzyiqə məruz qalıb. Heç kim inciməsin, digər həmyerlilərimiz daha yaxşı yaşamaq, avropalıların araya-ərsəyə gətirdikləri naz-nemətdən faydalanmaq üçün bu coğrafiyaya üz tutublar. Əslində, mən hansısa zirək azərbaycanlının bir əsrdə iki dəfə dünyaya ağalıq etmək niyyətinə düşən almanları, fitnə, fəsad dağarcığı olan ingilisləri, tez-tez qadınların “tor”una düşən əhlikef fransızları hərifləyib, onların ölkəsində bəy kimi yaşamasına pis baxmıram. Bu avropalılar bizim kimi zavallı millətləri çox istismar ediblər. İndi tarixin təkəri geri fərlanır. Onlar başa düşməlidirlər ki, bir vaxtlar əlimizdən aldıqları sərvəti, naz-neməti tək yeyə bilməyəcəklər. Həmişə zülmə məruz qalmış xalqların, o cümlədən, biz azərbaycanlıların onların süfrəsinə əl uzatmağa haqqımız çatır.

Bakıda yatmağa yeri, yeməyə bir parça çörəyi olmayan adamların indi Parisdə, Münhendə, Londonda 3-4 otaqlı evləri, yaxşı işləri var. Yəqin ki, ötən həftənin bazar günü “Məhsul” stadionunda Almaniyanın bayrağını çıxarıb şəkil çəkdirən həmin gənc də bir müddət sonra Avropaya sığınan soydaşlarımızın sırasına qoşulacaq. Mənim heç kimin ev-eşiyində, var-dövlətində gözüm yoxdur. Məni yandıran odur ki, Almaniyanın bayrağı ilə şəkil çəkdirəndən sonra mitinqin başlanmasını gözləmədən sivişib aradan çıxan həmin oğlan Avropaya sığınan kimi Qurban Məmmədova, Həsən Kərimova, Gülağa Aslanlıya “mübarizlik dərsi” keçəcək. Avropada bahalı pivədən içib dəmlənəndən sonra sosial şəbəkələrdə status yazıb mübariz insanlara “ağıl öyrədən” adamları çox görmüşük. Təəssüf ki, belələrinin sayı hər gün artır.

Avropada toxunulmazlıq hüququ əldə etdikdən sonra İsa Qəmbərə mübarizə aparmağın, Seymur Baycana yazmağın, Tofiq Yaqubluya çətin gündə başını dik tutmağın “yollarını öyrədən” adamlarla işim yoxdur. Aydın məsələdir ki, bu adamlar yerlərinin “isti” eləmək üçün belə əsib-coşurlar. Məni ən çox əsəbləşdirən hələ də prezident olmaq xülyası ilə yaşayan eks-spiker Rəsul Quliyevin demokratik düşüncəli insanların mübarizəsinə kölgə salması, onları aşağılamasıdır. Sizi əmin edirəm ki, nə vaxtsa bu adamın yumşaq yerinə bir “dubinka” dəysə, o, ömrünün sonuna kimi “Azadlıq” sözünü dilinə gətirməyəcək...

Azərbaycanda korrupsiyanın tüğyan etdiyini heç kim danmır. Mən hər gün bu mövzuda danışır, çoxlu məqalələr yazıram. Amma Azərbaycan hökuməti ilə, hörmətli Artur müəllimlə almanın, fransızın, ingilisin ağzı ilə deyil, öz ağzımla danışır, iradlarımı hamının başa düşdüyü doğma Azərbaycan dilində bildirirəm. Demək istədiyim odur ki, Artur Rəsizadə ilə alman dilində danışmağa ehtiyac yoxdur. Yenicə öyrənməyə başladığınız, qolunu-qıçını sındıra-sındıra danışdığınız bu dildə siz ona heç nə izah edə bilməyəcəksiniz. Avropada oturub nə qədər qışqırsanız da, burda sizi heç kim eşitməyəcək. Əgər Azərbaycan hakimiyyətinə sözünüz varsa, gəlib burda deyin...