Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Salyan, Saatlı, Bərdə və Şəki rayon sakinlərinin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin Bərdə rayonu üzrə mütəxəssisi Vüsal Baxşəliyevin özünü “ASAN” xidmət mərkəzinin əməkdaşı kimi təqdim edərək yaşayış evlərinə dair mülkiyyət hüququ verilməsi haqqında qeydiyyat şəhadətnaməsinin verilməsi müqabilində onlardan müxtəlif məbləğlərdə pul alması barədə müraciətləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaqı aparılıb.
İstintaqla müəyyən edilib, V.Baxşəliyev cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qanuni fəaliyyətdən kənara çıxaraq, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədilə özünü “ASAN” xidmət mərkəzinin əməkdaşı kimi təqdim edərək 2014-cü ilin fevral ayında 19 nəfər Bərdə rayon sakinindən ümumilikdə 420 manat pulu ələ keçirərək dələduzluq etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb “ASAN” xidmət mərkəzinin fəaliyyətini nüfuzdan salan, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə ləkə gətirən həmin hərəkətləri ilə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
V.Baxşəliyev Cinayət Məcəlləsinin 178.2.3, 309.1 və 313-cü maddələri ilə təqsirli bilinərək Bərdə rayon məhkəməsi tərəfindən barəsində müvafiq ittiham hökmü çıxarılıb.
Digər cinayət işinda isə “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin qiymətləndirici mütəxəssisi Hüseyn Abdullayevin vəzifə səlahiyyətlərini aşaraq 2014-cü ilin fevral ayında Saatlı şəhər sakinlərinə özünü “ASAN” xidmət mərkəzinin əməkdaşı kimi təqdim edərək, fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsini, evlərinin qiymətləndirilməsi barədə sənəd verəcəyini bildirib onlardan ümumilikdə 200 manat almaqla korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə ləkə gətirən həmin hərəkətləri ilə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduğu ortaya çıxıb.
Saatlı rayon məhkəməsinin hökmü ilə H.Abdullayev Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq ittiham hökmü çıxarılıb.