Asəf Zeynallının məzarı baxımsız vəziyyətdə... - Foto

asef-zeynallinin-mezari-baximsiz-veziyyetde
Oxunma sayı: 4355

Sosial şəbəkələrdə dahi bəstəkar Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olduğunu əks etdirən foto yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələni ilk dəfə dirijor Mustafa Mehmandarov ictimailəşdirib. O, feysbukda status yazaraq bu mənzərəni görən zaman təəssüfləndiyini bildirib: “Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilkə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda, bu vəziyyətdə olsun. Hələ bu azmış kimi, Musiqi Kollecindən də adını ləğv ediblər. Söz tapmaq olmur. Hamımızın günahı var! Nə yad etmişik, nə də ki, diqqət”.

Qeyd edək ki, A. Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib. Əvvəlcə "Çəmbərəkənd"də dəfn olunan bəstəkarın məzarının yeri sonradan orda park salındığı üçün dəyişdirilib. Belə ki, onun nəşi beynəlmiləl sayılan qəbiristanlığa – “Qurd qapısı”na köçürülüb. 

Xatırladaq ki, A. Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı bəstəkarın ən məşhur əsəri hesab olunur.