Asim Mollazadə Cənubi Amerikada...

asim-mollazade-cenubi-amerikada
Oxunma sayı: 695


Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda Çilidə olan millət vəkili Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Çili arasında parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları arasında təmasların gücləndirilməsi, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə parlamentlərin verəcəyi dəstək mövzuları müzakirə olunub. Görüşlərdə həmçinin regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın enerji strategiyası, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr ətrafında da fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Cili əməkdaşlığının genişləndirilməsi üçün kənd təsərrüfatı, şərabçılıq, neft və qaz, dağ-mədən, elm və texnologiya sahələrində geniş imkanların mövcudluğu bildirilib, bu xüsusda iki ölkənin müvafiq qurumları arasında təmasların gücləndirilməsinin vacibliyi qeyd olunub. 

Səfər zamanı Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilib. Tədbirdə çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycanın dövlətçilik ənənələri, son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, regional liderliyi, həyata keçirdiyi strateji enerji və infrastruktur layihələri, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələr, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, münaqişənin yaratdığı humanitar faciə, münaqişənin tezliklə nizamlanmasının regiondakı vəziyyətə göstərəcəyi təsir, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi önəm, Azərbaycanda elm, təhsil, yüksək texnologiyalar sahələrində dövlət siyasəti barədə məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.