Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Aşıq Ağamurad İsrəfilovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Aşıq Ağamurad Şirvanlını yubileyi ilə əlaqədar təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə yubilyara müvafiq fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Aşıq Ağamurad çıxışında keçdiyi ömür yolundakı xidmətlərinə görə təltiflərlə bağlı ölkə rəhbərliyinə və 60 illik yubiley tədbirinin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbirdə Xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər Elnarə Abdullayeva, Şirzad Fətəliyev, Əməkdar mədəniyyət İşçisi Samirə Əliyeva, tanınmış aşıq Əli Tapdıqoğlu, görkəmli xanəndə Nemət Ərəboğlu, Televiziya Muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev və “İncə tellər” Aşıqlar Ansamblı çıxış ediblər.