Bu müstəvidə daha çox diqqət çəkən məqam vəkil Aslan İsmayılovla jurnalist Xədicə İsmayıl arasındakı təhqirə qədər gedib çıxan mübahisə oldu. Bu məsələdə maraq doğuran daha bir məqam bu mübahisəyə ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin də qatılmasıdır.
A.İsmayılovun facebook sosial şəbəkəsindəki profilində paylaşdığı status üzərindən başlayan mübahisə Xədicə İsmayılın onu “alçaq” ifadəsi ilə təhqir etməsinə qədər böyüdü.
Buna səbəb isə son vaxtlar QHT sektorunda baş verənlərə münasibət bildirən A.İsmayılovun yazdığı bu status olub: “Bu məsələdə məni narahat edən bir fikri də sizlərlə bölüşmək istəyirəm. Bu günə qədər biz artıq iş-işdən keçəndən sonra, artıq həbs edilmə ərəfəsində bu hadisələrdən xəbər tuturuq. Niyə birinci gündən başlayan yoxlamalar barədə həmin QHT rəhbərləri cəmiyyəti xəbərdar etmirlər, aldıqları qrantlar, ödədikləri vergilər, gördükləri işlər barədə cəmiyyəti məlumatlandırmırlar? Hesab edirəm ki, deyilənlər olsaydı cəmiyyət də baş verənlərə belə susqun münasibət bildirməzdi. Bir çoxları fikirləşir ki, qrant alanların ”günahı olmasa" susmazdılar.
Öz növbəmdə bildirirəm ki, dövlətçilik məsələsində ən əzizlərimə də güzəştə getmərəm. Bununla belə heç vaxt qrant almasam da, qrant alıb maarifçiliklə, insan haqlarının qorunması ilə məşğul olanlar cəmiyyət üçün çox faydalı işlər görürlər və cəmiyyət tərəfindən də müdafiə olunmalıdırlar".
A.İsmayılov statusu hüquq müdafiəçisi İntiqam Əliyevin həbsindən əvvəl, avqustun 6-da yazıb. X.İsmayıl isə ona çox sərt reaksiya verib.
Vəkil A.İsmayılov “Yeni Müsavat”a açıqlamasında baş verənlərdən təəssüfləndiyini və indiki məqamda bu məsələni qabartmağın tərəfdarı olmadığını bildirdi: “Mən buna həqiqətən təəssüf edirəm. Mənə xoş deyil o ifadələri eşitmək. Bir var tənqid ola, bunu qəbul etmək olar. Mən tənqidə hər zaman açıq olmuşam. Bu şər-böhtanlar əlbəttə ki, məni incidir. Ancaq indiki həssas məqamda, QHT sektoruna basqı dövründə mən bu məsələnin qabardılmasının tam əleyhinəyəm. Bunu tam səmimi deyirəm.
Mənə qarşı atılan şər-böhtana qarşı tutarlı cavab verməyə və qarşı tərəfin bunu nə üçün etdiyini sübut etməyə yetərincə əsasım var. Ancaq diqqəti baş verən təhlükəli proseslərdən yayındırmaq istəmirəm. Məni 20 ildir söyürlər, həm hakimiyyət, həm də qarşı tərəf, bu da olsun 21 il. Bu hadisələr səngiyəndən sonra mən bütün bu deyilənlərin qısa xronikasını verib, bunların nə üçün edildiyini bütün cəmiyyətə çatdıracağam. Bir vaxtlar müxalifətdə olub indi parlamentdə oturan deputatlar var ki, məni hakimiyyətlə işləməkdə ittiham edirlər. Hər kəs öz vicdanı qarşısında cavabdehdir. 9 milyon da mənim əleyhimə danışsa, mən yalnız öz Allahım və vicdanım qarşısında cavabdehəm.
Mənim heç kimlə problemim yoxdur, haqsızlığa susa bilmirəm və hansısa ”kruqda" olmaq istəmirəm".
A.İsmayılov X.İsmayılla baş verən mübahisəyə Elşad Abdullayevin də qoşulmasından xəbərsiz olduğunu bildirərək, bu münasibətə onun haqqında dediyi tənqidi fikirlərin səbəb olduğunu vurğuladı: “ Elşad Abdullayevin dedikləri başadüşüləndir. Rektor olduğu, hakimiyyətə yaxın olduğu vaxtlarda onun Azərbaycan təhsilini məhv etdiyi haqda dəfələrlə mənim müxtəlif KİV-də çıxışlarım olub. Sadəcə, o zaman hakimiyyətin adamı idi və ona heç kim toxunmurdu. Mən onu başa düşürəm ki, içində qisas hissi var. Onun dediyi fikir mənə əsla maraqlı deyil və onu oxumaq da istəmirəm”.
A. İsmayılov qalmaqala səbəb olan statusunda adları çəkilən hüquq müdafiəçiləri ilə bağlı heç bir fikir söyləmək istəmədiyini və belə həssas bir məqamda fikirləri yanlış istiqamətdə yönəltməyin əleyhinə olduğunu dedi.
Bir-birinin ardınca baş verən həbslərə və hüquq müdafiəçilərinə qarşı basqılara gəlincə, A.İsmayılov bu kimi halları qətiyyətlə pislədiyini bildirdi: “Çox təhlükəli bir məqamdayıq. Bizi çox ağır hadisələr gözləyir, artıq diktaturaya doğru gedirik. İndi bununla mübarizə aparmaq lazımdır. Aramızda olan bütün problemlərə baxmayaraq, İntiqam Əliyevin həbsini pisləyirəm. Ən acınacaqlısı da odur ki, onun müdafiəsində də aktiv iştirak edə bilmirəm ki, bu qaragüruh deyəcək ki, xal qazanmaq üçün edir. Əvvəlcə Rəsul Cəfərovun, sonra İntiqam Əliyevin həbs olunması və vergidən yayınma ilə bağlı ittiham edilməsi böyük rüsvayçılıqdır. Azərbaycanda vergi cinayəti milyonlarla manat həcmində oliqarx-məmurlardadır. Bunları qoyub, lupa ilə ictimai sektorda olan fəalların vergi problemini qabardıb, onlara ittiham irəli sürmək biabırçılıqdır. Onlara qarşı yönələn bu proses hansısa qanun pozuntusu ilə bağlı deyil, onların ictimai fəallığı ilə əlaqədardır”.
musavat.com