“Sağam. Danışıram, yaşamağa, həyata adaptə olmağa çalışıram, ətrafımda məni sevənləri də buna inandırmağa çalışıram, amma real olaraq necə davam edəcəyimə qərar verə bilmirəm. Davam etməliyəmmi, ona da. Boşluqdayam. Fiziki olaraq nəfəs almaq problemim var, yatmıram, sağ qolum tutulur, hamısı stress və əsəbdəndir, həkim belə deyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu bir neçə gün əvvəl intihara cəhd edən “Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva sosial şəbəkə hesabında bildirib.
A.Əliyeva qeyd edib ki, martın 29-da üçüncü dəfə Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəməsi olacaq: “16 iyul 2021-ci ildə həmin məhkəmədə hakimin tez-tələsik və bizim ağzımızı yumaraq çıxardığı (Aslan Aslanovun şəxsi xahişi əsasında) əleyhimə qərar Ali Məhkəmədən geri qayıtdı. 2022-ci il oktyabrın 19-da əsaslı araşdırmadan sonra bu dəfə lehimə qərar çıxarıldı. Aslan Aslanov işdən azad olunduğu günə 2 gün qalmış qərarı şikayət etdi və Ali Məhkəmə bu dəfə də şəxsi xahişlə və absurd bir qərarla lehimə olan bu qətnaməni də ləğv etdi.
Nəhayət, 29 martda üçüncü dəfə üz-üzə gələcəyik. Bu qədər uzun çəkən böyük miras davası, çəkişməli boşanma olar, lakin adi əmək mübahisəsi olmaz, amma yaşayırıq”.
Xatırladaq ki, “Azərtac”ın keçmiş əməkdaşı A.Əliyeva bir neçə gün əvvəl intihara cəhd etmişdi. O, başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra işindən kənarlaşdırıldığını deyib. Məsələyə görə məhkəməyə müraciət edilib, işinə bərpa edilməsi tələb edilib.
Qeyd edək ki, 71 yaşlı Aslan Aslanov ötən ilin noyabrında “Azərtac”ın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Fotoda: Aygün Əliyeva

Son xəbərlər
Son Xəbərlər