AŞPA-nın qərarına sevinənlər...

aspa-nin-qerarina-sevinenler
Oxunma sayı: 4839

Hər mühüm əhəmiyyətli tədbir öncəsi Azərbaycana qarşı oyunlar başlanır. COP-29 tədbirinin ölkəmizdə keçirilməsi təsdiqlənəndə, Ağaverdi dayı da bilirdi ki, yenə ordakıların tapşırığı ilə burdakılar sirk tamaşasına oyun quracaqlar. Ayını velosipedə oturdub arenada fırladıb, əvəzində bircə qənd verəcəklər. Qrant təşkilatlarının qəndi İmişli şəkər zavodunun istehsal etdiyi qənddən deyil, kifayət qədər iri məbləğdir. Amma ayı kimi velosipeddə fırlatmaq olduğu kimi qalır.

Xatırlayırsınızsa, Avroviziya tədbirindən əvvəl də burdakılar bəyanat verdilər, beynəlxalq təşkilatların e-mail ünvanlarına Azərbaycanda nəinki insan, hətta heyvanların hüquqlarının pozulması barədə məktublar ünvanladılar. Heyvan hüquqlarını təsadüfən demədim. Hardansa videoroliklər çəkilirdi ki, itlərə, pişiklərə necə əzablar verilir. Avropanın sadə adamlarının nəzərinə çatdırırdılar ki, “Azərbaycan husi-musi qəbiləsindən fərqlənmir və burda beynəlxalq tədbirlərin keçirilməsi düzgün deyil. Həm də ən azından təhlükəsizliklə bağlı başınıza oyun açarlar”. Hərdən qəndin şirinliyi o qədər çox olurdu ki, bəziləri uzağa gedib uşaqların hüquqlarının pozulmasına dair, hətta qadınların öldürülməsi faktlarını şişirdib oralara çatdırırdılar. Təbii ki, içdə oturanlar təlimatları Avropa qurumlarından alırdılar.

Deməli, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklif olunub. Bu gün Monitorinq Komitəsi öz rəyini hazırlayıb plenar iclasa təqdim edəcək və rəyin müzakirəsindən sonra qərar qəbul olunacaq. Elə bu gün içimizdə oturan bəzilərinin sevinc dolu paylaşımlarını oxuyuram və düşünürəm ki, bu nə sevinc hissidir? Bu nə havaya fişəng atmaqdır? Bax, birdən qəfildən sabah AŞPA müzakirəyə məsələ çıxardı ki, azad edilmiş torpaqlar Ermənistana qaytarılmalıdır. Bunu AŞPA-dan gözləmək olar. Qəfildən müzakirəyə çıxarıldı və 6 nəfərlik nümayəndə heyətimiz o qərarın əleyhinə səs verə, heç torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi istiqamətində kəlmə də kəsə bilməyəcək. Və Allah etməmiş, birdən qərar böyük səslə qəbul edildi. Bundan nə qazanacaqsız? Bundan onu qazanacaqsız ki, siz erməniyə dönəcəksiz. Azərbaycanlı ad-soyadlı erməniyə.

Təsəvvür edin, AŞPA Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırır, azərbaycanlı olmayan Serbiyanın qurumdakı nümayəndə heyətinin üzvü Stefan Yovanoviç deyir ki, “Avropa Şurasının bütün üzvlərinin öhdəliklərini yerinə yetirməsi vacibdir. Amma AŞPA və Avropa Şurası kimi qurumların iştirakçı ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı fundamental prinsiplərə riayət etməsi də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”.

Üstəlik, əlavə edir ki, “fikrimcə, bu, arzuolunmaz həll olardı. Sanksiyalar və ya cəza tədbirləri, məsələn, səsvermə hüququnun məhdudlaşdırılması ciddi tədbirlərdir. Sanksiyaya keçmək əvəzinə dialoqa və diplomatik müzakirələrə başlamaq daha konstruktiv olardı. Belə ki, sanksiyalar münasibətlərin daha da gərginləşməsi ilə nəticələnə bilər. Yəni sanksiyalar bu yolla həll edilməyə çalışılan məsələlərin müsbət həllinə töhfə verməyəcək”.

Bundan o nəticə çıxır ki, Serbiya nümayəndəsi daha çox halımıza yanır. Bilir ki, bu ədalətsiz siyasi qərardır.

Azərbaycan AŞPA-ya daxil olanda xalqımız böyük ümidlə gözləyirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün qərar veriləcək. Hətta qərarın üzərində prinsipiallıqla dayanıb Ermənistan qoşunlarının çıxarılması istiqamətində dünya qurumlarına çağırışlar edəcək. Lakin AŞPA ədalətlilik prinsipinə olan ümidimizi öldürdü. Anlaşıldı ki, bu qurum özlərinə uyğun qərarlar qəbul edir, üstəlik erməni diasporunun maliyyələşdirdiyi AŞPA-nın rəhbərləri artıq biznes müəssisələri yaradıblar, bir sözlə, güclü kapital əldə ediblər.

AŞPA-nın budəfki qərarı kağız parçasından o yana keçməyəcək. Biz öz istədiyimizi onlarsız da aldıq. Torpaqlar işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bundan sonra verilən qərarlar o müqəddəs işimizin yanında xırda-mırda detallardır ki, onu da həll edəcəyik. 

AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə dəstək verən və bunu “insan haqları problemi” ilə izah etməyə çalışanlar gözəl anlayır ki, məsələnin kökündə “insan haqları” yox,  Qarabağ məsələsi dayanır

İnsan haqları mövzusunda manipulyasiya daim olub və bu məsələdən təzyiq vasitəsi kimi daim istifadə olunub. Türkiyəyə qarşı da eyni təzyiqlər olmasını da xatırlayırsız.

Bunu bilə-bilə AŞPA-nın addımını alqışlayanlar Azərbaycanın öz torpaqlarından imtinasını da alqışlayacaq insanlardır, ayıya verilən qənd naminə hətta Azərbaycanın Qarabağı azad etməsini pisləməyə hazırdırlar. Bəzən mətnaltı bunu da deyirlər. Aşkarlıqla deyə bilmirlər ki, üzlərində xalqın silləsinin yeri qalacaq.

Azər Qismət