AŞPA-nın sessiyası başladı - Azərbaycan müzakirə edilir

aspa-nin-sessiyasi-basladi
Oxunma sayı: 1937

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayıb. 

"Qafqazinfo" xəbər verir ki, çıxış edən qurumun prezidenti Pedro Aqramunt Azərbaycanda prezident İlham Əliyevin əfv sərəncamı ilə “siyasi məhbusların” azadlığa buraxılmasını müsbət qiymətləndirib. O bildirib ki, bu məsələ ilə özü şəxsən aktiv məşğul olub.

Aqramunt həmçinin, prezident İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilməsi ilə bağlı sərəncamını alqışlayıb.

Bundan başqa, İlqar Məmmədovun da azadlığa buraxılması üçün hakimiyyətlə danışıqları davam etdirəcəyini vurğulayıb.

AŞPA prezidentin Azərbaycan-Ermənistan cəbhə xəttində yaşanan gərginliyə də diqqət çəkib və təcavüzü qınadığını bildirib:

“Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olarkən qəbul etdiyi prinsiplərə əməl etməli, tərəflər siyasi iradə ortaya qoymalıdırlar”.

Çoxlu sayda insan, xüsusilə də mülki vətəndaşların ölməsindən təəssüfləndiyini bildirən Aqramunt hər iki tərəfi atəşkəsə əməl etməyə çağırıb:

“Beynəlxalq ictimaiyyət, o cümlədən AŞPA tərəfləri atəşkəsə səslədi. Beynəlxalq hüquq da barışcıl olmağı tövsiyə edir. AŞPA Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasa da, hesab edirəm ki, körpülər qurmalıyıq. İxtilafların həllinə çalışmalıyıq. Sədrliyim dövründə Dağlıq Qarabağ problemini də gündəmdə tutmağa davam edəcəyəm”.

***

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxış edib:

"Azərbaycanın əlindən gələnin ən yaxşısını etdiyi vaxtda, Qərblə əlaqələr qurmağa başladığı bir vaxtda bu hərbi provakasiya hər şeyin önünə keçdi. Əminəm ki, təcavüzçü cəzalandırılmasa nəticə yaxşı olmayacaq, bu, özü ilə faciə ilə gətirəcək. İnanıram ki, parlamentdəki hesabat (red.Britaniyalı deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” mövzusundakı qətnamə layihəsi) təsdiqlənsəydi belə şeylər olmazdı. Rədd edilməsi erməni militarizminə qapıları açdı. Bir məsələnin altından xətt çəkmək istəyirəm. İşğal edilmiş torpaqlarımızda bizim vətəndaşlarımız yoxdur. Lakin 30 min erməni bizim torpaqlarda yaşayır.

Məqsəd azərbaycanlılarla ermənilərin bir arada olmayacağını göstərməkdir. Lakin bu doğru deyil"