“WikiLeaks” saytının qurucusu Julian Assanjın ekstradisiyası ilə bağlı məhkəmə prosesinin tarixi dəyişib.
“Qafqazinfo”nun xəbərinə görə, portalın rəsmi tvitter mikrobloqunda yerləşdirilən bəyanatda bildirilir ki, iyunun 12-nə planlaşdırılmış məhkəmə prosesi iki gün sonraya, 14 iyuna keçirilib.
Proses Londonun Belmarş rayon məhkəməsində keçiriləcək.
Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyi Assanja qarşı əlavə ittihamlar irəli sürməyi planlaşdırır.
Xatırladaq ki, Assanj “WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.
Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bundan başqa, jurnalistin ABŞ-a ekstradisiyası məsələsi də gündəmdədir.
Son xəbərlər
Son Xəbərlər