“Associated Press” azərbaycanlı köçkünlərin evlərinə qayıtmaq arzularından yazdı

“Associated Press” azərbaycanlı köçkünlərin evlərinə qayıtmaq arzularından yazdı
Oxunma sayı: 836

“Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.

"Qafqazinfo" xəbər verir ki, “Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa” sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.

Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.

1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir.

Müəllif yazır: Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Rayon azad ediləndən sonra Adilin qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadıqları evin dağıdıldığını bildirib. Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir. Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.

Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib. Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb. Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.