Astaradan Şirvana...

astaradan-sirvana
Oxunma sayı: 880

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Astaradan sonra aprelin 11-də Şirvan şəhərində davam edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində start verilib.

Sərbəst güləş üzrə idman ustası, Əməkdar Məşqçi İsmayıl Həşimov, idmanın taekvando növü üzrə 2015-ci və 2017-ci illərdə keçirilən Azərbaycan çempionatının bürünc mükafatçısı Arif Şükürov və Şirvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Səma Əliyeva “Bakı- 2017”nin misdən hazırlanmış su qablarını Kür çayının suyu ilə doldurublar. Bu su qabları axşam saatlarında şəhərdəki Heydər Əliyev meydanında keçiriləcək su festivalında və mayın 12-də isə “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün Şirvan şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.