Aşurada qan verənlərin sayı açıqlandı - Yenilənib

asurada-qan-verenlerin-sayi-aciqlandi
Oxunma sayı: 2155

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, 100-dən çox tibb işçisi Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu “Şah Abbas” məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə Pir” məscidində, eyni zamanda Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub.

Qanvermə bu gün saat 08:00-dan başlayıb və 18:00-dək davam edəcək. Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.

Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

***

Saat 12:00-a olan məlumata görə, ümumilikdə 1 436 nəfər könüllü olaraq qan verib. Bakı üzrə rəqəm sayı 1013 nəfər (Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı (162 nəfər), Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı (191 nəfər), Nizami rayonu “Şah Abbas” məscidi (173 nəfər), Səbail rayonu Bibiheybət məscid ziyarətgahı (147 nəfər), Suraxanı rayonu “Qaraçuxur” məscidi (150 nəfər), Yasamal rayonu “Təzə Pir” məscidində (190 nəfər)) olub.

Qan bankının Gəncə (73 nəfər), Şəki (8 nəfər), Mingəçevir (43 nəfər), Bərdə (52 nəfər), Şirvan (63 nəfər), Sumqayıt (47 nəfər), Quba (50 nəfər) və Lənkəran (87 nəfər) bölmələrində isə ümumilikdə 423 nəfər qan verib.