Ata 25 yaşlı oğlunun ölümünə görə Mərkəzi Banka müraciət etdi

ata-25-yasli-oglunun-olumune-gore-merkezi-banka-muraciet-etdi
Oxunma sayı: 5476

Ötən ilin aprel ayında iş zamanı vəfat edən 25 yaşlı gəncin ölümünə görə sığorta şirkət pulu ödəməkdən imtina edib.

“Qafqazinfo”ya müraciət edən Lənkəran rayon sakini Şaddıq Babayev bildirib ki, 2019-cu il aprelin 1-də oğlu, 25 yaşlı Vüsal Babazadə işlədiyi “7 saylı Magistral Yolların İstismarı” MMC-yə məxsus zavodun həyətində ölçmə işləri apararkən qəza nəticəsində vəfat edib.

O, geodeziya fəhləsi kimi doğranmış daş materiallarının həcmini hesablayarkən əlindəki ölçmə alətinin elektrik naqilinə toxunması ilə elektrik cərəyanı vurması nəticəsində ölüb. V.Babazadə 2018-ci ildə ailə həyatı qurubmuş, bir azyaşlı övladı var. 

Faktla bağlı Lənkəran şəhər prokurorluğunda (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə) cinayət işi başlanılıb. İstintaq zamanı həmin idarənin vəzifəli şəxsləri də dindirilib. MMC-də Geodeziya mühəndisi olan Kamran İsparov deyib ki, Vüsal Babazadənin işi yolların çəkilməsindən öncəki əməliyyatları həyata keçirmək olub: “Lənkəran-Lerik rayonu arasında yol tikintisi layihəsi üzrə ölçmə işləri aparılırdı. Mən saat 10:30-da həmin işləri görən Faiq Hüseynliyə zəng edərək zavodun həyətinə iki fəhlə göndərməsini istədim. O, Vüsal Babazadəni də götürüb gəlmişdi. Onlara daş doğrayan qurğunun yanında ölçülməsi lazım olan ərazini göstərdim. Vüsal Faiqdən təxminən 100-150 metr aralıda işləyirdi. Saat 14:30 radələrində Faiq mənə zəng edərək elektrik naqillərində “iskra” olduğunu, Vüsalı “tok” vurduğunu dedi. Mən dərhal ora getdim və təcili yardım çağırdım. Təcili yardımın gec gələcəyini görüb Vüsalı öz maşınımla xəstəxanaya apardım. Yolda Vüsalın nəbzi vururdu, amma xəstəxanada həkimlər onun artıq öldüyünü dedilər”. 

İstintaqın yekununda bu işdə cinayət hadisəsi olmadığından cinayət işinə xitam verilib. 

7 saylı “Magistral Yolların İstismarı” MMC ilə “Qala Həyat” sığorta şirkəti arasında 2017-ci ildə bağlanmış icbari həyat sığorta müqaviləsinə əsasən, mülki-hüquqi müqavilə əsasında işləyən Babazadə Vüsal Şaddıq oğlunun həyatı sığortalanıb. Lakin “Qala Həyat” Vüsal Babazadənin ölümü bağlı əsaslandırma olmadan sığorta ödənişinin verilməsindən imtina edib.

Ş.Babayev hadisə ilə bağlı Mərkəzi Bankın Baş direktoru Rəşad Orucova və “Qala Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadəyə müraciət edərək bildirib ki, sığorta şirkətinin, sığorta ödənişinin həyata keçirilməsindən imtina haqqında qərar qəbul etdiyi halda sığorta olunana və faydalanan şəxsə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildiriş göndərməlidir.

Sığorta ödənişinin verilməsindən imtinanın əsasları “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 20-ci maddəsində göstərilib: 

1. sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;

2. sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;

3. Mülki Məcəllənin 935-ci və “İcbari sığortalar haqqında” AR Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.

Ş.Babazadə müraciətində qeyd edib ki, hazırkı situasiyada, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 20-ci maddəsində, Mülki Məcəllənin 935-ci və “İcbari sığortalar haqqında” qanununun 21-ci maddəsində sadalanan əsaslar mövcud deyil: “Ona görə də bunları nəzərə alaraq xahiş edirik ki, “Qala Həyat” SŞ ASC-yə ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsi barədə təqdimat göndərilsin”.

Məlumat üçün bildirək ki, sığortanın məbləği ailənin həyat şəraitinə uyğun olaraq hesablanacaq. Məbləğin 20 minə yaxın olacağı nəzərdə tutulub. 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin noyabrın 28-də imzaladığı sərəncamla Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib, sığorta şirkətlərinə nəzarət Mərkəzi Banka həvalə olunub.

Murad Əhməd