Atambayev hakimiyyəti zor gücü ilə ələ keçirməkdə ittiham olunur

Atambayev hakimiyyəti zor gücü ilə ələ keçirməkdə ittiham olunur
Oxunma sayı: 701

Qırğızıstanın hüquq-mühafizə orqanları keçmiş Prezident Almazbek Atambayevə qarşı daha iki ittiham irəli sürüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qırğızıstan” yayıb. Bildirilir ki, Almazbek Atambayev Bişkekdə kütləvi iğtişaşların təşkil edilməsində və ötən ilin oktyabr ayında hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyə cəhd etməkdə təqsirli bilinir.

Bununla yanaşı, sabiq Prezidentlə yanaşı, millət vəkili Janar Akayev və daxili işlər nazirinin keçmiş müavini Kursan Asanov da hakimiyyəti ələ keçirməyə cəhddə təqsirkar bilinirlər.

Məlumatda qeyd olunur ki, Atambayev, Akayev, Asanov və digərləri odlu silahdan istifadə yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd ediblər.

Qırğızıstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hələ ki bu məlumatla bağlı açıqlama verməyib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-6-sı, həmçinin 9-u Qırğızıstanın paytaxtında mərkəzi meydanda müxtəlif siyasi qüvvələrin tərəfdarları arasında qarşıdurma baş verib. Nəticədə ölkənin hazırkı Prezidenti Sadır Japarovun tərəfdarları qalib gələrək rəqibləri meydandan getməyə vadar etmişdi. Qarşıdurma zamanı naməlum bir şəxs Atambayevin olduğu maşına tapançadan bir neçə dəfə atəş açmışdı. Lakin keçmiş Prezident xəsarət almamışdı. Cinayətkar isə hələ də tapılmayıb.