"Erməni qoşunlarının Azərbaycanın dinc sakinlərinə qarşı hücumları davamlı xarakter daşıyır".
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib.
O qeyd edib ki, baş verənlərlə əlaqədar məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:
“Biz burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə edərkən, ölkəmizdə, öz torpaqlarımızda qan töküldüyünü düşünmək dəhşətə salır. Mən Füzuli rayonundan məcbur köçkünəm. Qoşunların qarşıdurma xəttində yaşayan seçiçilərim hər zaman təhlükə altındadır. O kəndlərdə yalnız dinc sakinlər yaşayır. Qarşı tərəfdən isə orada əsasən Ermənistandan çağırışçıların olduğu silahlı birləşmələr yerləşir”.
Onun sözlərinə görə, deputatlar dialoq üçün yollar tapmalı və qan tökülməsinin qarşısını almaq üşün öz töhfələrini verməlidirlər:
“Mən bu cinayəti qətiyyətlə pisləməyi çağırıram”.
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev isə çıxışında qeyd edib ki, Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır.
O bildirib ki, ATƏT-in Minsk qrupu bu hadisəni pisləməli və gələcəkdə bu cür hadisələrin və uşaqların öldürülməsinin qarşısını almalıdır:
“ATƏT PA bu məsələ ilə bağlı susmamalıdır. Biz konkret addımlar atmalı və buna son qoymalıyıq”.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.
Son xəbərlər
Son Xəbərlər