ATƏT PA-nın prezidenti Bakıya konfransa gəlib - Yenilənib

atet-pa-nin-prezidenti-bakiya-konfransa-gelib
Oxunma sayı: 1656

Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.

"Qafqazinfo" xəbər verir ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutur.

Tədbirdə ATƏT PA-nın prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputatlar və xarici rəsmi şəxslər iştirak edir.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.

Tədbirin rəsmi bağlanış mərasimi sabah Bakıda olacaq. Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.

***

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev də konfransda çıxış edib: "Tez-tez dediyim kimi,  bir-biri ilə əlaqəli təhlükəsizlik problemləri, iqlim böhranının getdikcə kəskinləşməsi və dağıdıcı pandemiyanın hələ də davam edən sosial-iqtisadi nəticələri ilə "fırtına"nın ortasındayıq. 

Vətəndaşlarımız hər zamanki kimi, yaşayış xərclərinin artması, artan enerji və qida qeyri-sabitliyi, artan sosial gərginlik, radikallaşma  və s. bu kimi mənfi hadisələrlə qarşılaşdıqları üçün ən yüksək qiyməti ödəyirlər. Ancaq hər böhranda bir sıra imkanlar da var. 

Ona görə də biz parlamentarilər bu yeni imkanları müəyyənləşdirməli və vətəndaşlarımıza daha yaxşı gələcək qurmaq üçün istifadə etməliyik".

***

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycanın geniş enerji mənbələri sayəsində ölkəmiz Avropa enerji təhlükəsizliyində xüsusi rol oynayacaq: "Artıq bir neçə beynəlxalq tərəfdaşla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilir".

Sədr bildirib ki, yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq: "Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə atılmış addım deməkdir. Yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib".

S.Qafarova əlavə edib ki, Azərbaycan tərəfindən mühüm nəqliyyat layihələri ölkəmizi ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək.

 

Zaur Mirzə