ATƏT sədri də sərhəddəki vəziyyətlə bağlı bəyanat verdi

atet-sedri-de-serheddeki-veziyyetle-bagli-beyanat-verdi
Oxunma sayı: 3843

"Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram".

“Qafqazinfo” bildirir ki, bu sözlər ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Ramanın təşkilatın saytında yayımlanmış bəyanatında yer alıb.  

E.Rama qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi səfir Andjey Kaspşik tərəflərlə sıx təmasdadırlar və vəziyyəti sabitliyə qaytarmağa çalışırlar. O vurğulayıb ki, Azərbaycan və Ermənistanın liderlərinin 2019-cu ilin martında Vyanadakı görüşü zamanı Minsk Qrupu həmsədrlərinin himayəsi ilə birbaşa komunikasiya kanalı yaradılıb. 

Rama bu cür mexanizmlərin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümid etdiyini ifadə edib.

E. Rama həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, hər iki tərəfdən yaralananlarla bağlı narahatlığını bildirib: “Biz insan itkilərini azaltmaq və mümkün qədər tez bir vaxtda substantiv danışıqları bərpa etmək üçün əlimizdən gələni etməliyik”.