Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Vəli Əhmədov özünü təqsirli bildiyini, Fərid Əmiraslanov, Hüseyn Salamov isə təqsirli bilmədiklərini deyib. Elçin Həsənov da özünü elan olunan ittiham üzrə təqsirli bilmədiyini deyib: "Mən özümü səhlənkarlıqda təqsirli bilirəm. Cənab nazir Ramil Usubov məni qəbul edəndə də dedi ki, səhlənkarlıq edib videonu başqa polis əməkdaşına vermisən".
Hakim bu ifadəyə "Nazirinizin nə dediyini biz bilmirik, ittihama məhkəmə qiymət verəcək",- deyə reaksiya verib.
Vəli Əhmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb:
"Mən maşını sürəndə, yolu dönəndə birdən maşın özü sürət yığdı, əyləcə basdım dayanmadı, əl "tormoz"unu da çəkdim, tutmadı. Sonra özümü pis hiss elədim, ürəyim sıxıldı, daha nə olduğunu bilmədim. Bir qədər sonra təcili yardım gəlib yaralıları apardı. Mən də polisə gedib təslim oldum".
Dövlət ittihamçısı bildirib ki, V.Əhmədovun adı sürücü siyahısından bir dəfə çıxarılıb, sonra əlavə olunub. V.Əhmədov prokurorun suallarına cavab verərək deyib ki, maşını bazadan götürəndə saz vəziyyətdə olub. Bundan əvvəl həbs olunmasa da, məhkəmə işi olub. Qəza baş verən zaman V.Əhmədovun idarə etdiyi avtobusda təxminən 10 nəfər olub. Onlardan biri də polis əməkdaşı olub:
"Avtobus dayanandan sonra polis qışqırdı ki, "sən neynədin?" Mən özüm sürücü işləmək üçün müraciət etməmişəm. Bizə "Transgate" şirkətində tapşırdılar ki, sənədlərinizi verin. Mən burdakı tutulan adamların heç birini tanımamışam, burda gördüm".
V.Əhmədov hakimin sualına cavab olaraq bildirib ki, 2007-ci ildə başqa bir şirkətdə işləyərkən yol qəzası törədib və məhkəmədə şərti cəza alıb: "Mən hadisədən öncə eyni markalı başqa avtobusu idarə etmişdim, amma məhz qəza törədilən avtobusu ilk dəfə idi sürürdüm. Mən ondan əvvəl "Transgeyt" şirkətində 1 saylı marşrut xəttində avtobus sürücüsü işləyirdim. Sonra həmin marşrut bağlandı, bizi də kursa göndərdilər, dedilər orda işləyəcəyik. Amma hansı avtobusdan sürəcəyimizi demədilər. "BakuBus" bizə Avropa Oyunları zamanı avtobus sürmək üçün 750 manat təklif etmişdi".
Hüseyn Salamov sərbəst ifadə verərək deyib ki, ona bu işlərlə bağlı tapşırıqlar nazir Ziya Məmmədov tərəfindən verilib:
"Nazir müşavirə keçirib bizə tapşırdı ki, Avropa Oyunları Əməliyyat Komitəsinə sürücülərlə kömək edək. Bu bizim öhdəliyimiz deyildi, sadəcə xahiş etmişdilər deyə yardım edirdik. Mənə tapşırıq verildi ki, 500 "London taksi"si gələcək, buna görə 2 min sürücü toplamalıyam. Biz marşrut xətti ilə məşğul olan sahibkarlardan sürücülərin hamısının ad-soyad siyahısını topladıq. Sonra MTN əməkdaşları gəlib təhlükəsizliklə məşğul olacaqlarını dedilər və siyahını götürüb getdilər. Daşımalar Xidmətinin rəisi Malik Əliyevlə birgə ayrı otağa keçib məşğul oldular. Sonra Xüsusi Dövlət Mühafizə Xidmətindən siyahı gələndə mən ölkədə olmamışam, qəbul etməmişəm. MTN-ə siyahı əldən-ələ verilirdi, onlardan üstün qurum idi deyə biz onlara məktub yaza bilməzdik. Biz ortada olan qurum idik, görülən işlər barədə nazirə məlumat verirdik. Bütün işlər "Bakı Sərnişin Nəqliyyat" MMC-yə tapşırılmışdı. Hadisədən sonra nazir Ziya Məmmədov müşavirə keçirdi, mən orda da bunu dedim. Mən Əməliyyat Komitəsinin üzvü olmamışam, sadəcə sürücülərin siyahısını vermişik, qalanını özləri həll edib. Sürücülərdən kiminsə seçilməsi də MTN və XDMX tərəfindən müəyyən olunub. Vəli Əhmədovu adı ilk iki siyahıda keçməyib. O avtobus sürücüsü kimi qəbul olunmamışdı. Biz səbəbini də bilmədik. Sonradan bizə müraciət edildi ki, taksi sürücüsü kimi 400 nəfər lazımdı. Tapşırdım Malik Əliyevə yenə MTN-ə siyahı verildi, vaxtımız çox məhdud idi. Vəli Əhmədovun adı MTN-də taksi sürücüsü kimi keçmişdi. Sonra "BakuBus"da taksi sürücüsü kimi təlim keçiblər. Sonra avtobus sürücülərinə tələbat olduğu üçün Avropa Əməliyyat Oyunları Komitəsinin əməkdaşları Vəli Əhmədovu "Aeroplan" avtobusunda sürücü kimi təlimə götürüblər. Mənə verilən kartla Əməliyyat Komitəsinin heç bir obyektinə daxil ola bilmirdim, qalan bütün işləri özləri təyin ediblər".
Məhkəmə prosesi aprelin 29-na təyin olunub.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.
NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Murad Əhməd