Autizmli uşaqlar üçün klub açıldı

autizmli-usaqlar-ucun-klub-acildi
Oxunma sayı: 3143

“Autizmli uşaqları digərlərindən ayıran ən böyük xüsusiyyətləri onların təlimə açıq olmalarıdır”.

Bu sözləri Bakı Autizm İdman və Yaşam Klubunun sədri Elnur Məmmədli “Qafqazinfo”ya idmanın autizmli uşaqlara müsbət təsirlərindən danışan zaman deyib. Sədr bildirib ki, son araşdırmalara görə idman autizm xəstəliyindən əziyyət çəkən uşaqların reabilitasiyasına çox müsbət təsir göstərir: “Bildiyimiz kimi, dünyada autizmin nədən qaynaqlandığı məlum olmadığı kimi 100%-lik müalicəsi də yoxdur. Ancaq inkişaf etdirilmiş müalicə üsulları ilə ən aşağı dərəcəyə salına bilinir. Bu tip uşaqlara gündəlik həyat tərzi öyrətmək ən vacib şərtdir. Bununla bağlı müxtəlif reabilitasiya mərkəzləri açmaq mümkündür. Autizmli uşaqları digərlərindən ayıran ən böyük xüsusiyyətləri onların təlimə açıq olmalarıdır.

Son araşdırmalar göstərir ki‚ idman bu tip uşaqların reabilitasiyasına çox müsbət təsir göstərir. Onun üçün biz yaxın Türkiyənin təcrübəsindən yararlanaraq Bakı autizm idman və yaşam klubu yaratdıq. Çox qısa zamanda uğurlu nəticələrimiz oldu. Yəni idmanı bu yolda açar kimi istifadə edirik. İdmanla aqresslik‚ hipraktivlik və bəzi vərdişləri geridə buraxmaq olur. Autizmli uşağa özünə güvən qazandırmaq lazımdır”.

E. Məmmədli onu da qeyd edib ki, loqopedik məşğələlərin əsas məqsədi autizmli uşaqların düşdükləri bütün situasiyalarda ünsiyyət qurmalarına vasitəçilik edən sadə ünsiyyət bacarıqlarını onlara qazandırmaqdır.