Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü - Fotolar

avropa-azerbaycan-mektebinde-beynelxalq-ana-dili-gunu-
Oxunma sayı: 1676

Avropa Azərbaycan Məktəbinin (AAM) geniş iclas salonu yenə qapılarını Beynəlxalq Ana Dili Günü ərəfəsində müəllimlərin, şagirdlərin, valideynlərin və məktəbə dəvət olunmuş qonaqların üzünə açıb. Azərbaycanın tanınmış mədəniyyət xadimləri –  Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alı qızı məktəblilərlə görüşə gəliblər.

"Qafqazinfo"nun məlumatına görə, Avropa Azərbaycan Məktəbinin 2016-2017-ci dərs ilinə aid illik planlaşdırmasında nəzərdə tutulmuş “Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri olub.

Tədbirə hazırlaşarkən məktəbin şagirdləri Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə bacarıqlarını yaxşılaşdırmaq üçün mütaliə, ifadəli oxu, aktyorluq bacarıqlarının nümayişi istiqamətində müxtəlif fəaliyyətlərə cəlb olunublar. Nümunəvi çıxış edə bilən şagirdlər tədbir zamanı öz bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdiriblər. Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri əməkdar müəllim H. Şahbəndəyev açıb. Bu əlamətdar günün tarixi, görüşün məqsədi haqqında məlumat verib və qonaqları təqdim edib. Görüşün sonrakı axarı məktəblilərin ixtiyarına verilib.

Əməkdar artist Azad Şükürovun dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxışı, “Yetim segah”ın sədaları altında söylədiyi müharibə acılarından bəhs edən şeir məktəblilərin yaddaşında uzun zaman yaşayacaq.

X.Rza Ulutürkün “Mənim dilim” şeirini ifa edən Aytac Aslanlının və Gülsüm Cəfərovanın çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb.