Avropa İnsan Hüquqları Məhkəməsində işə qəbul olan azərbaycanlı gənc xanım - Foto

avropa-insan-huquqlari-mehkemesinde-ise-qebul-olan-azerbaycanli-genc-xanim
Oxunma sayı: 5589

Azərbaycanlı gənc xanım Bilqeyisxanım Mirizadə Avropa İnsan Hüquqları Məhkəməsində işə qəbul edilib.

“Qafqazinfo”nun məlumatına görə, Bilqeyisxanım Mirizadə 1995-ci ilin yanvarın 26-da Bakı şəhərində anadan olub.

Təhsilini Baku Oxford Məktəbində bitirib. Məktəbi bitirdikdən sonra 2013-2016-cı illərdə İngiltərənin London şəhərində SOAS Universitetində hüquq fakültəsində bakalavr təhsili alıb. SOAS-da oxuduğu illərdə tələbə təmsilçisi və “Law of Commercial Arbitration”da fərqlənmə alan yeganə tələbə olub. 

SOAS Universitetini bitirdikdən sonra 2016-2017-ci illərdə Londonda tanınmış Queen Mary Universitetində Beynəlxalq Hüquq üzrə magistr təhsili alıb.

Həmin universiteti fərqlənmə diplomu ilə bitirib. Onu da qeyd edək ki, “International Law on Rights of Children” Beynəlxalq Uşaq Hüququ sahəsində fərqlənmə diplom alan yeganə tələbə olub.

Queen Mary Universitetini bitirdikdən sonra Amerikada məşhur Harvard Universitetində Beynəlxalq Hüquq və Dövlət Toxunulmazlığı üzrə təhsil alıb.

2018-ci ildə isə İngiltərədə BPP Universitetində bir il hüquq üzrə təcrübə keçib. Bu bir il ərzində 16 imtahanda yüksək nəticə göstərib ve uğurla bitirib. Bundan başqa, Avropa Konsulluğunda İnsan Hüququ üzrə təcrübə keçib. 

Yale Universitetində Amerikan Hüququ üzrə təhsil alıb.

Londonda tanınmış beynəlxalq hüquq şirkətlərində işləyib. Eyni zamanda Amerika və İngiltərədə keçirilən beynəlxalq hüquq konfranslarında iştirak edib. Bu təşkilatlar Birləşmiş Millətlər Təşkilatı, Royal United Services Institute (RUSI), Amerikan Beynəlxalq Hüquq Assosiasiyasıdır.

Beş dil bilir: Azərbaycan dili, rus dili, ingilis dili, fransız dili və türk dili.

Hazırda Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsində işə qəbul olunub. 

“Bu yolda məni dəstəkləyən və hər zaman yanımda olan yeganə insan anama təşəkkür edirəm. Bu gün mən onun mənə olan inancı ve duaları sayəsində bu pillələrə qalxmışam. Arzum odur ki, öz vətənimi xarici ölkələrdə təmsil edim”, - deyə B. Mirizadə deyir.