“Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik”

avropa-ittifaqi-ile-aparilan-danisiqlarin-son-merhelesindeyik
Oxunma sayı: 1420

“İqtisadi davamlılığa gəldikdə isə Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər:

“Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır.

Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir.

İkitərəfli ticari və iqtisadi gündəliyimizə gəldikdə, fikrimcə, çox yaxşı haldır ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir. Beləliklə, biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik.

Hesab edirəm ki, bu gün keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər”.