“Qafqazinfo” xəbər verir ki, ilk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi şirkətdə qonaq olublar. Azercell-in baş ofisində baş tutan görüşün əvvəlində İlk Avropa Oyunlarının Açılış Mərasimindən kadrlar, əməkdar idman ustası İlham Zəkiyevin məşəli yandırması, onun və digər paralimpiyaçılarımızın keçirdiyi oyunlar, medal mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib. Görüşdə iştirak edən Azercell əməkdaşları qonaqları ayaq üstə, böyük coşqu ilə alqışlayıblar. Şirkətin prezidenti Vahid Mürsəliyev qonaqları salamlayaraq onları Avropa Oyunlarında qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib.
V. Mürsəliyev bildirib ki, oyunların bitməsinə 2 gün qaldığı bir müddətdə paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun əsrarəngiz qələbəsi Avropa Oyunlarına böyük şövqlə nöqtə qoymağa imkan verib. Azercell prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bəyan etdi: “Bu, həmin uşaqların həyata ikinci vəsiqə alması deməkdir. Onların əzmkarlıq nümayiş etdirərək ayaqda dayanmasına dəstək olmaq bizim üçün çox önəmlidir və inanırıq ki, onlar hələ çox yerdə Azərbaycanda bayrağını dalğalandıracaqlar”.
Milli Paralimpiya Komitəsinin Prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu cür isti və səmimi qəbula görə bütün Azercell ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2014-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. “Azercell Telekom” MMC-nin dəstək göstərdiyi komitə hazırda 50-yə yaxın uşağı öz ətrafında birləşdirir.
Son xəbərlər
Son Xəbərlər