Avropa vəkillərinin rəhbəri Azərbaycanda səfərdədir

avropa-vekillerinin-rehberi-azerbaycanda-seferdedir
Oxunma sayı: 793


“Qafqazinfo”ya daxil olan məlumata görə, səfərin birinci günündə AR Ədliyyə Nazirliyinin nəzdində olan Ədliyyə Akademiyası və AR Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən vəkillər üçün “Vəkillərin Etik Davranış Qaydaları” mövzusunda seminar keçirilib.

Tədbirdə ilk söz alan Vəkillər Kollegiyası Rəyasət heyətinin sədri Azər Tağıyev, Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov və CCBE-nin prezidenti Maria Slazak seminar iştirakçılarını salamlayıb və bu cür seminarların keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra Maria Slazak CCBE təşkilatı barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Aprelin 28-də əcnəbi vəkillər AR Vəkillər Kollegiyasının  sədri Azər Tağıyev, rəyasət heyətinin üzvləri Anar Bağırov və Muxtar Mustafayev ilə görüşüb, Azərbaycanın CCBE təşkilatına müşahidəçi üzvlük, avropalı və azərbaycanlı vəkillər arasında qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlıq və s. məsələləri müzakirə edib. 

Daha sonra qonaqları Ədliyyə Nazirliyində nazir müavini Azər Cəfərov qəbul edib. Görüş zamanı vəkillərin tədris məsələsi xüsusi müzakirə predmeti olub və gələcəkdə də CCBE tərəfindən bizim vəkillərə müxtəlif mövzularda təlimlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Avropalı qonaqlar eyni zamanda Milli Məclisdə millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüb.

Əcnəbi vəkillər sonra Ali Məhkəmədə olub, məhkəmənin inzibati binası ilə tanış olub, İnzibati-iqtisadi, Cinayət kollegiyalarının sədrləri Hikmət Mirzəyev, Şahin Yusifov, məhkəmənin aparat rəhbəri Əlirza Kərimovla və Yasamal Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin sədri Ələddin Cəfərov və bir sıra hakimlərlə maraqlı müzakirələr aparıb.