Avropa Yayımları Birliyi təbliğat sahəsində görülmüş işləri dəyərləndirib

avropa-yayimlari-birliyi-tebligat-sahesinde-gorulmus-isleri-deyerlendirib-
Oxunma sayı: 635

“Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupundan AzərTAc-a bildiriblər ki, Avropa Yayımları Birliyi (EBU) nümayəndələrinin iştirakı ilə keçirilən ilk toplantıda müsabiqə ilə bağlı təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Toplantıda təhlükəsizlik strukturları və təşkilatçı-yayımçının nümayəndələrinə 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş mahnı müsabiqəsində tətbiq olunan tədbirlər barədə geniş məlumat verilib.

“Eurovision” mahnı müsabiqəsi dövründə media ilə iş və ictimaiyyətlə əlaqələrə həsr olunan ikinci toplantıda isə bu günədək görülmüş işlər təhlil edilib. Eyni zamanda, “Eurovision” mahnı müsabiqəsi işçi qrupunun əhatəli media planı təqdim olunmuşdur. İclasda Avropa Yayımları Birliyinin nümayəndələri media və ictimaiyyətlə əlaqələr sahəsində bu günədək görülmüş işləri müsbət dəyərləndiriblər.

İclasda, həmçinin “Eurovision” mahnı müsabiqəsinin yeni yaradılmış milli saytı müzakirə olunub.

Sonra Avropa Yayımları Birliyinin nümayəndələri İctimai Televiziya və Radio Yayımları şirkətində və “Eurovision milli seçim turu” proqramında qonaq olub, “Carçı” informasiya proqramına müsahibə veriblər.

“Bakıda geniş və çoxtərəfli məsələləri əhatə edən görüş keçirdik. Əsasən təhlükəsizlik və kommunikasiya ilə bağlı məsələlər müzakirə olundu. Bütün işlər plana uyğun gedir”- deyən “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand təşkilatçı-yayımçı İctimai Televiziya ilə uğurlu əməkdaşlığın olduğunu bildirib.

“Eurovision TV”nin direktoru Jorqan Frank Bakı görüşündə müzakirə olunan təhlükəsizlik və ictimaiyyətlə əlaqələr sahəsindəki məsələləri şərh edərkən bildirib ki, insanların Azərbaycandakı şoudan zövq almaları üçün hər şey etməyə çalışılır. O demişdir ki, müsabiqənin təşkili üçün peşəkar komanda formalaşıb. Avropa Yayımları Birliyi ilə çox səmərəli əlaqələr qurulub. Qonaq, həmçinin ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

İclasda Avropa Yayımları Birliyini “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand, “Eurovision TV”nin direktoru Jorqan Frank, müsabiqənin təşkilatçı prodüseri Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, EBU-nun media ofisinin rəhbəri Karen Mazzoli təmsil eediblər.