Avropa, yoxsa Avrasiya?- - Azərbaycan seçim qarşısında

avropa-yoxsa-avrasiya-
Oxunma sayı: 3297


“Atlas” Araşdırmalar Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, Barrozu sonuncu dəfə Bakıya 2011-ci ildə gəlmişdi. O zaman Barrozunun Bakıda əsas müzakirə mövzusu Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi idi. Bununla bağlı olaraq Brüsselə Bakı arasında ciddi fikir ayrılığı yoxdur. “Nabukko” layihəsi reallaşmasa da, Bakı Avropanı qazla təmin edəcək TAP və TANAP layihələrinə yaşıl işıq yandırıb. Bu boru xətləri “Nabukko” qədər genişmiqyaslı olmasa da, hər halda başlanğıc üçün Avropa üçün alternativ qaz mənbəyinə çevriləcək. Gələcəkdə isə Türkmənistan, İran və ya İraqın da qaz ehtiyatlarının Avropaya daşıması mümkünlüyü TAP və TANAP-ın imkanlarının bir az daha artıracaq.

Ona görə də Barrozu Bakıya budəfəki səfərində enerji mövzusundan daha çox Azərbaycan hakimiyyətinin hansı qütblə əməkdaşlığa üstünlük verəcəyini müəyyənləşdirmək istəyirdi. Aydındır ki, rəsmi Bakı Gürcüstan, Moldova və Ukrayna hakimiyyətləri kimi Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazır deyil. Ancaq Avropa Azərbaycan üçün əsas bazardır və ticarət dövriyyəsinin 42 faizi Avropa Birliyinin payına düşür, enerji resursları köhnə qitəyə istiqamətlənib. Həm də Rusiyanın artan təzyiqləri qarşısında Bakı Brüsselin dəstəyinə ümid edə bilər. Ona görə də rəsmi Bakı Brüssellə assosiativ saziş imzalamasa da, başqa ad altında digər sazişin imzalanmasında maraqlı görünürdü.

Brüssel əvvəlcə Bakının “assosiativ saziş əvəzinə başqa əməkdaşlıq sazişi imzalayaq” təklifinə müsbət yanaşmırdı, Azərbaycan hakimiyyətinə yalnız assosiativ sazişi təklif edirdi. Ancaq sonda Azərbaycanın prosesdən kənarda qala biləcəyindən ehtiyat edən Brüssel Bakının şərtinə razılaşdı. Odur ki, Barrozu Bakıda prezident İlham Əliyevlə Azərbaycanın Avropa Birliyinin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi imzalayıb.

Bu çərçivə sənədi Azərbaycanla Avropa Birliyi arasındakı əməkdaşlığın keçid dövrünə hesablanıb. Bunun davamı kimi “strateji müasirləşdirmə tərəfdaşlığı” barədə yekun sənəd imzalanmalıdır. Yeni sənəd Azərbaycana Avropa Birliyinin proqramlarında iştirakına imkan yaradacaq. “Strateji müasirləşdirmə tərəfdaşlığı” sənədi assosiativ saziş qədər geniş imkanlara sahib olmasa da, yeni anlaşma Brüssellə Bakı arasındakı dialoqu genişləndirməyə şərait yaradır və Azərbaycan üçün qapıları açıq saxlayır. Digər tərəfdən Bakı ilə Brüssel arasında artan əməkdaşlıq və imzalanan sənədlər Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumaq məqsədi daşıyır.

Buna baxmayaraq yeni sənəd hələ də Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətləri rəsmiləşdirmir. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması Avropa Birliyi ilə əməkdaşlığı yüksək səviyyəyə qaldırmağa əsas maneədir. Ancaq əgər Gürcüstan, Ukrayna və Moldova assosiativ saziş çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıqda uğur qazanarlarsa, bu, rəsmi Bakı üçün Brüssellə əməkdaşlığı inkişaf etdirməkdə stimul rolunu oynayacaq.

Joze Manuel Barrozu Avropa Komissiyasının sədri kimi Azərbaycana son dəfə səfər etdi. Barrozu Bakı ilə münasibətlərdə yumşaq tərəfdaşlığa üstünlük verir, rusiyalı rəsmilərdən və diplomatlardan fərqli olaraq seçim məsələsində Azərbaycan hakimiyyətinə təzyiq etmirdi. Ancaq Avropa Parlamentinə seçkilər keçirilib və yaxın müddətdə Avropa Komissiyasının yeni sədri seçiləcək. Avropa Komissiyasının yeni sədri Azərbaycanla münasibətlərdə fərqli strategiya və taktikaya üstünlük verə bilər.

Rusiya Krımı işğal etməklə və qonşu dövlətdə separatçılara dəstək verməklə Ukraynanı itirdi. Ukrayna Avrasiya İqtisadi İttifaqına heç zaman üzv olmayacaq. Ona görə də Moskva Ukrayna itkisini Azərbaycanın hesabına kompensasiya etmək istəyir, yəni Ukraynanın yerinə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv etmək istəyir. Buna görə də Avropa Komissiyasının yeni sədri yaxın gələcəkdə Azərbaycan uğrunda Rusiya ilə mübarizə aparmalı olacaq. Azərbaycan Avropa Birliyi üçün heç də Ukraynadan az vacib ölkə deyil. Azərbaycanın Avropa Birliyi üçün itirilməsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi və Mərkəzi Asiya neft və qazının əldən getməsi deməkdir.