Türkiyə gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyeni və Avropa Şurasının sədri Şarlz Mişeli qəbul edəcək.
"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, səfər çərçivəsində Avropa rəsmiləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 25 martda keçirilən Avropa İttifaqının liderlərinin sammitindən sonra səfər mühüm əhəmiyyət daşıyır.
Rəsmi Ankaranın səfərdən gözləntisi 18 Mart razılaşmasının yenilənməsi, viza sərbəstləşməsi və 25 ili geridə qoyan Gömrük Birliyi Sazişinin yenilənməsidir. Ərdoğanın Mişel və Fon der Leyen ilə görüşündə bu mövzuları xüsusilə vurğulayacağı bildirilir. Ankaranın digər bir istəyi tam üzvlük üçün danışıqlar prosesinin başlanması olacaq.
Gündəlikdə başqa bir vacib məsələ Şərqi Aralıq dənizidir. Yunanıstanla Türkiyə arasında yenidən başlayan məsləhətləşmə görüşləri qiymətləndiriləcək. Avropa Birliyinin bu mövzuda qərəzli siyasəti ilə bağlı Türkiyənin narahatlığı çatdırılacaq. Dialoqun davam etməsi üçün Afina rəhbərliyinin təşviq edilməsi istəniləcək.
Bunlarla yanaşı görüş zamanı koronavirusla mübarizədə atılacaq birgə addımlar da müzakirə ediləcək.
Xatırladaq ki, 25 martda keçirilən Avropa İttifaqının liderlərinin sammitində Türkiyə ilə əlaqələri inkişaf etdirmək qərarı verilmişdi.
Son xəbərlər
Son Xəbərlər