İngilislərdə belə bir atalar sözü var: “Don t try to fly without wings”. Yəni ki, qanadların yoxdusa, uşmağa cəhd etmə... Assosiativ olaraq öz atalarımızın sözü yada düşür: “Ayağını yorğanına görə uzat.” Londonda yaşayan rəfiqəm Zəhra deyir ki, işlətdiyimiz əksər texniki avadanlığın, məişət əşyalarının və s. Avropa istehsalı olması onu göstərir ki, orada hər kəs bacardığı işin qulpundan yapışır... Rəhmətlik Məhəmmədhüseyn Şəhriyar bunu daha sərt şəkildə ifadə edib:
Bizdən qabaqdadı avropalılar,
İşi iş bilənə tapşırır onlar.
Elə sahə var ki, pul gücünə onun diplomunu alsan da mütəxəssisi ola bilmirsən. İşinin peşəkarı olmaq üçün gərək bacarığın ola, öyrənəsən. İnsanın bacarmayacağı iş yoxdu. Ayı isə velosiped sürməyi öyrənsə də bu bacarığını uzağı sirkdə göstərə bilər...
Tibb Universitetində oxumaq üstünlük sayıla bilər. Pulunun gücünə universitetə şəxsi avtomobilinlə gedib-gələ, bahalı paltarlar geyinməklə hamıdan seçilə bilərsən. Növbə diplom alıb ağ xalat geyməyə gələndə... savadsızlığın üzə çıxacaq, xəstə öz həyatını sənə etibar etməyəcək...
Gözümüzün önündə bu cür həkimlik diplomuna yiyələnmiş biri işini buraxıb biznesə girişdi. İşini bilmədi. Savadı yoxuydu. Allah atasına rəhmət eləsin ki, vaxtında səhvini başa düşdü və bacardığı işin qulpundan yapışdı. İnsanların taleyilə oynamadı. Amma səhvini anlamayanlar da var axı. Həm də nə qədər?!
***
Daşlar öz yerində deyil. Kombinasiya qurmağa da ehtiyac yoxdu. Pulu olan pulunun, pulu olmayan vücudunun hesabına istədiyi səmtə hərəkət edir. Bir müddət öncə bir kişi müğənninin vücuduna güvənərək sponsor axtarması yadınızdadımı???
Günü televizorun qarşısında keçənlər serial oyunçularının süni aktyorluğundan, aparıcıların müğənniliyindən, müğənnilərin aparıcılığından və s. bezir. Şagirdlər müəllimdən, xəstələr həkimdən gileylənir. Mətbuatı izləyənlər “reket” və savadsız jurnalistlərin əlindən zinhara gəlir. Hər sahə haqda belə misallar çəkmək olar. Rəşid Mahmudov kanalların birində aparıcıya irad tutdu ki, bu qonağa verməli olduğu sualı o biri qonağa, o qonağa verməli olduğu sualı bu qonağa verir. Nəticədə hər kəs bildiyini danışır.
***
Atam danışır ki, bir vaxtlar at oğurlamaq böyük şücaət hesab olunurmuş. O vaxtın məşhur at oğruları oxumuş, ziyalı bir gənci də bu yola dadandırmaq istəyir. Ona yolu-yolağanı başa salırlar. O oxumuş cavan da belə işlərdə naşı olduğundan bilmədən gecə vaxtı ağ atı minib gedir oğurluğa. Və yaxalanır...
Son xəbərlər
Son Xəbərlər