Avropalılar Bakıda hansı çimərliyə gedəcək?

avropalilar-bakida-hansi-cimerliye-gedecek
Oxunma sayı: 2230


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan analizlər hər iki çimərlikdə bağırsaq çöplərinin normadan yüksək olduğunu ortaya çıxarır. Səbəb həmin çimərliklərin ətrafında yerləşən binaların və evlərin, yaxınlıqda xidmət göstərən obyektlərin kanalizasiya sularının dənizə axıdılması ilə bağlıdır. 

Düzdür, Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, sahildə xidmət göstərən otellərin və digər iaşə obyektlərinin suaları dənizə yalnız təmizləndikdən sonra buraxıla bilər. Amma belə görünür ki, dənizə axan gizli kanalizasiya xətləri öz işini göstərir. Dənizin yaxınlığında vurulmuş kanalzasiya quyuları da buna təsir edə bilər. Hər halda qrunt sularının blakterioloji tərkibi dəyişir və bu, istər-istəməz dənizin suyuna təsir göstərir. 

Abşeronun şimal tərəfindən fəaliyyət göstərən çimərliklərin bu baxımdan bəxti gətirib. Bir neçə il qabaq beynəlxalq qurumların dəstəyi ilə həmin zonalarda kanalizasiya sularının təmizlənməsi üçün lokal təmizləyici qurğular yaradılıb. Həmin qurğular evlərdən və iaşə obyektlərindən axan kanalizasiya sularını təmizlədikdən sonra dənizə axıdırlar. 

Bakı şəhər İH hakimiyyətindən verilən məlumata görə, istənilən halda sakinlər və şəhərin qonaqları 7-8 rayonda yerləşən 10-dan çox ictimai çimərlikdən istifadə edə biləcəklər. Həmin çimərliklərə ictimai nəqliyyat işləyəcək və sakinlər rahatlıqla dəniz kənarına gedib-gələ biləcəklər. “İstər özəl olsun, istər dövlət - istənilən çimərliyə giriş pulsuzdur. Hər bir çimərlikdə pulsuz duş və tualet xidmətləri olmalıdır. Əgər yoxdursa, bu, qanun pozuntusudur və bunu edənlər cəzalandırılacaqlar”, - deyə İH-dan ANS PRESS-ə bildiriblər. 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) öz analizlərini bu il də aparılır və qurumun şöbə müdiri Ziyəddin Kazımovun verdiyi məlumata görə, Bakı çimərliklərinin monitorinqinin nəticələri 2-3 günə məlum olacaq və çimərlik mövsümünün açıldığı 1 iyun tarixinə turistlər də, Bakı sakinləri təhlükəsiz çimərliklərdən rahatlıqla istifadə edə biləcəklər. Onun sözlərinə görə, mərkəz artıq monitorinqlərə başlayıb: dəniz suyunun və qumun vəziyyəti yoxlanır. Əgər dəniz suyunda və ya qumda sanitariya normalarının pozuntusu aşkarlanarsa, onda çimərlikdən istifadə qadağan ediləcək. 

“Bizim məqsədimiz təkcə Avropa Oyunlarında deyil, həm də bütün yay boyu Bakı sakinlərinin təhlükəsiz şəkildə çimərliklərdən istifadə etməsini təşkil etməkdir”, - deyə Ziyəddin Kazımov vurğulayır. RGEM təmsilçisi Azərbaycanın iş adamlarını Avropa Oyunlarından yararlanaraq Bakıya daimi turist axınını təmin etməyə çağırıb: “Dünyada turistlər dəniz suyu ilə yanaşı qumun keyfiyyətinə də fikir verirlər. Avropalı turistlər əsasən “mavi bayraq”lı çimərlikləri seçirlər”. 

1987-ci ildən dünyada yüksək keyfiyyət standartlarına cavab verən çimərliklərə beynəlxalq Ekoloji Təhsil Fondu (FEE) tərəfindən “Mavi bayraq” mükafatı verilir. “Mavi bayraq” almış çimərliklər aşağıdakı meyarlara cavab verir: 

giriş sərbəst olmalıdır; 

su təmiz olmalıdır və hər həftə test edilməlidir;

zibil yığılır və qum təmizlənir; 

çimərlikdə müşahidə və xilasetmə xidməti olmalıdır; 

lazım olanda çimərlikdə təcili yardım xidməti göstərilməlidir; 

duş kabinaları olmadır; 

çimərliyə mühərrikli nəqliyyat girməməlidir; 

ev heyvanları başqa çimərliyə aparılmalıdır. 

Dünyada 50 ölkənin çimərlikləri FEE-yə müraciət edərək “mavi bayraq” almaq istəyir. Bu il çimərlikləri ən çox “mavi bayraq” almış ölkə İspaniyadır, bu ölkənin 577 çimərliyi “mavi bayraq” alıb. İkinci yerdə 436 çimərliyi mükaftlandırılmış Türkiyə gəlir. Daha sonrakı Yunanıstan (395 çimərlik) və Fransa (379 çimərlik) gəlir. Bütünlükdə bütün dünyada 4159 çimərlik bu mükafata layiq görülüb. Turistlər getdikləri otellərin yanında olan çimərliklərin “mavi bayraq”lı olmasına xüsusi fikir verirlər və əsasən belə otellərə gedirlər. Çünki “mavi bayraq” olmayan çimərliklər qat-qat təhlükəli olurlar. 

İndiyə kimi çimərlikləri “mavi bayraq” almış ölkələr sırasında Azərbaycanın adı olmayıb və bu il də yoxdur. RGEM təmsilçisi ölkənin iş adamlarını bu məsələyə diqqət yetərməyə çağırıb. “Azərbaycanın iş adamları da çimərlik üçün “mavi bayraq” ala bilərsə, hər il yetərincə turist cəlb edə bilərlər”,- deyə Ziyəddin Kazımov vurğulayır.