Bakı şəhərində Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda iştirak etmək üçün Qarışıq Komissiyanın Avstriya tərəfindən həmsədri, bu ölkənin Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiqin başçılığı ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycanla Avstriya arasında əməkdaşlıq məsələlərindən danışaraq diplomatik əlaqələrimizin 30 illik tarixə malik olduğunu diqqətə çatdırıb.
Rəşad Nəbiyev Avstriya nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilən Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib.
R. Nəbiyev əlavə edib ki, Azərbaycan və Avstriyanın ixracatçıları və onların məhsulları haqqında mütəmadi məlumat mübadiləsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması vacibdir. Qarışıq Komissiya bu cür məlumat mübadiləsinin təşviq edilməsi və yeni işgüzar münasibətlərin qurulması üçün effektiv platforma rolunu oynayır.
İclasda iki ölkə arasında iqtisadi, elmi və texniki əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Eyni zamanda ticari və iqtisadi əlaqələr, nəqliyyat, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi, enerji, turizm və mədəniyyət sahəsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İclasın sonunda Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.


Son xəbərlər
Son Xəbərlər